"Kondisionerlərin sayının sürətlə artması həm enerji sistemlərinə, həm də şəhər iqliminə ciddi təzyiq göstərir. İsti yay günlərində kondisionerlər elektrik şəbəkəsində kəskin yüklənmə yaradır. Yüksək tələbat transformatorların sıradan çıxmasına və kütləvi elektrik kəsintilərinə səbəb ola bilir".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, şəhərdə çoxlu sayda yeni binalar tikilib və onların əksəriyyətinə istismar üçün icazə verilməyib, hətta bəziləri rəsmi qeydiyyata da alınmayıb, buna baxmayaraq həmin binalarda yaşayış var:
"Bu binalar insanlara satılıb, lakin onların bir çoxu üçün yeni kommunal və mühəndis-kommunikasiya xətləri çəkilməyib. Nəticədə onlar sovet dövründə tikilmiş yaşayış məhəllələri üçün nəzərdə tutulmuş köhnə kommunikasiya xətlərindən və qovşaqlarından istifadə edirlər. Başqa sözlə, yeni tikililər istismar müddətini başa vurmuş köhnə infrastrukturun üzərinə əlavə yük yaradır.
Kondisionerlərin sayının sürətlə artması enerji sistemlərinə ciddi təsir göstərir və elektrik enerjisi istehlakını artırır. Bu isə həm dövlətin, həm də vətəndaşların xərclərinin artmasına səbəb olur. Kondisionerlər daxili məkanı soyudarkən çölə böyük həcmdə isti hava ötürür. Şəhərlərdə binaların sıx yerləşməsi səbəbindən gecə saatlarında belə hava kifayət qədər soyumur. Hündür binalar gün ərzində istiliyi özündə toplayır və gecələr də onu ətrafa yaymağa davam edir.
Əvvəllər küçələrdə və həyətlərdə havanın sərbəst dövranını təmin edən açıq sahələr mövcud idi. Lakin sonradan bu ərazilərin böyük hissəsində tikinti aparılıb, yelçəkən məkanlar bağlanıb və yeni binalar inşa edilib. Bu da şəhərin təbii hava dövranını zəiflədərək infrastrukturun ekoloji tarazlığına mənfi təsir göstərib.
Beləliklə, ətraf mühitin daha çox qızması binalarda kondisionerlərin daha intensiv işləməsinə səbəb olur. Artan enerji tələbatını ödəmək üçün elektrik stansiyalarında daha çox qalıq yanacaq yandırılır. Bu isə atmosferə atılan istixana qazlarının həcmini artırır. Bundan əlavə, cihazlardan sızan soyuducu agentlər – freon qazları – karbon qazı ilə müqayisədə minlərlə dəfə yüksək qlobal istiləşmə potensialına malikdir. Nəticədə şəhər mərkəzlərində süni şəkildə formalaşan quru və isti hava kütləsi yerli ekosistemə mənfi təsir göstərir.
Bu təsirləri azaltmaq üçün müxtəlif alternativ həllər mövcuddur. Kondisionerlərin mənfi təsirlərinin azaldılması istiqamətində həm fərdi, həm də memarlıq və şəhərsalma səviyyəsində effektiv tədbirlər həyata keçirilə bilər.
Müasir şəhərsalmada yaşıl damların və şaquli bağların salınmasına xüsusi diqqət yetirilir. Binaların dam və divarlarının bitkilərlə örtülməsi istiliyin mənimsənilməsini azaldır və şəhər istilik adası effektini zəiflədir. Binaların günəş şüalarına uyğun istiqamətdə layihələndirilməsi və təbii ventilyasiya sistemlərinin yaradılması daxili temperaturun təbii yolla aşağı düşməsinə kömək edir. Damların və fasadların açıq rəngli, xüsusi "sərin" örtüklərlə rənglənməsi isə günəş şüalarının əhəmiyyətli hissəsini geri qaytararaq istiləşməni azaldır.
Digər effektiv üsullardan biri də hər mənzilə ayrıca kondisioner quraşdırmaq əvəzinə, bütöv bir yaşayış məhəlləsinin mərkəzləşdirilmiş soyutma sistemi vasitəsilə təmin edilməsidir. Bu sistemlər enerji sərfiyyatını 50 faizə qədər azalda bilir. Həmçinin qlobal istiləşməyə səbəb olan freon qazları əvəzinə propan (R290) və ya karbon qazı (R744) kimi təbii soyuducu maddələrdən istifadə edən yeni nəsil cihazların tətbiqi də ekoloji baxımdan daha əlverişli hesab olunur.
Buxarlandırıcı soyuducular, yəni "səhra kondisionerləri" də alternativ həllərdən biridir. Havanı suyun buxarlanması hesabına soyudan bu sistemlər, xüsusilə quru iqlim şəraitində, ənənəvi kondisionerlərlə müqayisədə təxminən 80 faiz daha az elektrik enerjisi sərf edir.
Bundan başqa, pəncərələrə jalüzlərin və ya xüsusi istilik əleyhinə plyonkaların çəkilməsi, eləcə də pəncərələrin qarşısında ağacların əkilməsi daxili məkanın həddindən artıq qızmasının qarşısını alır. Mövcud kondisionerlərin yüksək enerji səmərəliliyinə malik inverter modellərlə əvəz edilməsi elektrik şəbəkəsinə düşən pik yükü azalda bilər. Ağıllı termostatlar isə cihazların yalnız otaqda insan olduğu zaman və optimal temperaturda, məsələn, 24–25°C-də işləməsini təmin edərək enerji israfının qarşısını alır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB