“Depressiya və təşviş pozuntuları sürətlə artır" - EKSPERT DANIŞDI

“Depressiya və təşviş pozuntuları sürətlə artır" - EKSPERT DANIŞDI

"Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, son illərdə depressiya və təşviş pozuntuları sürətlə artır".

Bu fikirləri SİA-ya açıqlamasında psixiatr Azər Bağırov bildirib.
Onun sözlərinə görə, həm dövlətlərin səhiyyə və sığorta sisteminə əlavə yük yaradır, həm də işdən yayınmaların əsas səbəblərindən birinə çevrilir:

"Depressiya və təşviş pozuntularının artması bir neçə amilin üst-üstə düşməsi ilə bağlıdır. Burada həyat tərzi mühüm rol oynayır. Lakin eyni həyat tərzini yaşayan hər kəsdə bu problemlər eyni dərəcədə müşahidə olunmur. Depressiyaya genetik meyilli insanlarda əlamətlər daha ağır və qabarıq şəkildə özünü göstərir.

Depressiyanın iki əsas forması var. Birincisi endogen depressiyadır. Bu zaman insan genetik olaraq depressiyaya meyilli olur və heç bir ciddi həyat hadisəsi baş verməsə belə, xəstəlik yarana bilər. Bu forma adətən xroniki xarakter daşıyır və müəyyən dövrlərdə təkrarlanan epizodlarla müşahidə edilir.
İkinci forma isə reaktiv depressiyadır. Bu, ağır həyat hadisələri, uzunmüddətli stress və beyində serotonin və dopamin kimi neyrotransmitterlərin azalması nəticəsində yaranır. Yaxınını itirmək, ayrılıq, maddi çətinliklər və uzunmüddətli gərgin həyat tərzi reaktiv depressiyanın əsas səbəbləri hesab olunur.

Sosial şəbəkələrin geniş yayılması da depressiya və təşviş pozuntularının artmasına təsir göstərən amillərdəndir. İnsanlar virtual mühitdə özlərini başqaları ilə müqayisə edir, "məndə yoxdur" düşüncəsinə qapılır, geridə qalmaq və fürsəti qaçırmaq (FOMO) hissi yaşayırlar. Eyni zamanda, "like" asılılığı beyində dopamin ifrazını artıraraq asılılıq yaradır və psixoloji vəziyyətə mənfi təsir göstərir.

Digər mühüm səbəblərdən biri qeyri-müntəzəm iş rejimidir. İş saatlarının uzanması, işin evə daşınması, işdən sonra da telefon vasitəsilə daim əlçatan olmaq və istirahət edə bilməmək uzunmüddətli stress yaradır. Bu vəziyyət zamanla tükənmişlik (burnout) sindromuna səbəb olur. Ekspert bildirir ki, xüsusilə Azərbaycanda bir işçinin üzərinə bir neçə nəfərin vəzifəsinin qoyulması bu problemi daha da dərinləşdirir.

Yuxu rejiminin pozulması da depressiya və təşviş əlamətlərini gücləndirən əsas amillərdəndir. Depressiyadan əziyyət çəkən insanların əksəriyyətində gec saatlara qədər oyaq qalmaq və günorta saatlarınadək yatmaq kimi problemlər müşahidə olunur. Halbuki melatonin hormonunun normal ifrazı üçün gecə saatlarında keyfiyyətli yuxu vacibdir. Melatonin orqanizmin təbii antidepressant mexanizmlərindən biri hesab olunur və yuxu rejimi pozulduqda onun ifrazı da azalır.

Depressiya və təşviş pozuntularından qorunmaq üçün xroniki stresə səbəb olan amilləri azaltmaq, yuxu rejimini normallaşdırmaq, iş və şəxsi həyat arasında balans yaratmaq, həmçinin sosial şəbəkələrdən istifadə müddətini məhdudlaşdırmaq vacibdir".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə