İtən və ya zədələnən bağlamaya görə kim məsuliyyət daşıyır? - HÜQUQŞÜNAS AÇIQLADI

İtən və ya zədələnən bağlamaya görə kim məsuliyyət daşıyır? - HÜQUQŞÜNAS AÇIQLADI

Onlayn alış-veriş artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ancaq sifarişlərin artması ilə yanaşı, çatdırılma zamanı itən, zədələnən və ya ümumiyyətlə ünvana çatmayan bağlamalarla bağlı şikayətlər də çoxalır. Belə hallarda tərəflər bir-birini günahlandırsa da, vətəndaşın hüquqlarının necə qorunacağı hər kəsi maraqlandırır. Bəs belə vəziyyətlərdə məsuliyyət kimə düşür? Bağlama itərsə və ya zədələnsə, alıcı ilk olaraq kimə müraciət etməlidir? Hansı hallarda məsuliyyət karqo şirkətinin, hansı hallarda satış platformasının üzərində olur? Alıcı kompensasiya tələb etmək üçün hansı sənədləri saxlamalıdır?

Məsələ ilə bağlı hüquqşünas Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, onlayn alış-veriş zamanı bağlamanın itməsi, zədələnməsi və ya ünvana çatdırılmaması halında məsuliyyət konkret vəziyyətdən asılı olaraq müəyyən edilir:

"Ümumiyyətlə, alıcı ilk növbədə sifarişi verdiyi tərəfə – satış platformasına və ya satıcıya, həmçinin çatdırılmanı həyata keçirən karqo şirkətinə müraciət etməlidir. Müraciət yazılı formada edilməli və problemin həlli, kompensasiya və ya araşdırma tələb olunmalıdır. Əgər bağlama karqo şirkətinə təhvil verildikdən sonra itibsə və ya zədələnibsə, bu halda əsas məsuliyyət daşıyıcı şirkətin üzərinə düşə bilər. Karqo xidməti göstərən şirkət bağlamanın təhlükəsiz daşınmasını təmin etməlidir. Lakin bağlamanın düzgün qablaşdırılmaması, yanlış məlumat verilməsi və ya alıcının öz hərəkətləri nəticəsində yaranan hallar məsuliyyətin qiymətləndirilməsinə təsir göstərə bilər.

Satış platformasının məsuliyyəti isə əsasən sifarişin düzgün icra olunmaması, məhsulun ümumiyyətlə göndərilməməsi, yanlış məhsul göndərilməsi və ya istehlakçı hüquqlarının pozulması ilə bağlı hallarda yarana bilər. Platforma yalnız vasitəçi kimi çıxış edirsə, məsuliyyətin kimə aid olması onun müqavilə şərtlərindən və tətbiq olunan qanunvericilikdən asılıdır. Alıcı kompensasiya tələb etmək üçün sifariş təsdiqi, ödəniş qəbzi, elektron yazışmalar, çatdırılma məlumatları, karqo izləmə nömrəsi, bağlamanın vəziyyətini göstərən foto və videolar, eləcə də şirkətlərlə aparılan müraciətlərin surətlərini saxlamalıdır. Bu sənədlər həm iddianın əsaslandırılması, həm də zərərin sübut edilməsi üçün vacibdir. Nəticə olaraq, onlayn alış-verişdə alıcı hüquqlarını qorumaq üçün bütün sübutları toplamalı və ilk müraciəti yazılı şəkildə etməlidir. Məsuliyyət isə sifariş zəncirində hansı mərhələdə pozuntunun baş verməsindən asılı olaraq satıcı, platforma və ya karqo şirkəti arasında müəyyənləşdirilir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə