“Sosial şəbəkələrdə identifikasiya saxta hesabların azalmasına töhfə verəcək” -HÜQUQŞÜNAS DANIŞDI

“Sosial şəbəkələrdə identifikasiya saxta hesabların azalmasına töhfə verəcək” -HÜQUQŞÜNAS DANIŞDI

“Dünyanın müxtəlif ölkələrində sosial şəbəkələrə qeydiyyat və giriş zamanı istifadəçinin şəxsiyyətini təsdiq edən sənədlərdən istifadə edilməsi praktikası tətbiq olunur. Bu yanaşmanın əsas məqsədi internet mühitində anonimliyin yaratdığı riskləri azaltmaq, istifadəçilərin kimliyini dəqiqləşdirmək və onların hüquqi məsuliyyətini artırmaqdan ibarətdir”.
Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.

Onun sözlərinə görə, belə bir mexanizm böhtan xarakterli paylaşımlar, kibercinayətlər, saxta xəbərlərin yayılması, onlayn dələduzluq və digər qanunazidd halların qarşısının alınmasına müəyyən dərəcədə töhfə verə bilər:

” Şəxsiyyətin təsdiqlənməsi saxta profillərin sayının azalmasına, istifadəçilərin davranışlarında daha məsuliyyətli olmasına və rəqəmsal platformalarda daha etibarlı mühitin formalaşmasına şərait yarada bilər.

Eyni zamanda, vətəndaşın xəbəri olmadan onun adına hesab yaradılması, həmin hesabdan qanunsuz məqsədlərlə istifadə edilməsi və ya şəxsi məlumatlarının sui-istifadəyə məruz qalması kimi halların qarşısının alınmasında da bu sistemin müəyyən əhəmiyyəti olduğu bildirilir.

Bununla yanaşı, bir sıra ölkələrdə sosial şəbəkələrdə məcburi şəxsiyyət təsdiqinin tətbiqi ifadə azadlığı, şəxsi həyatın toxunulmazlığı və şəxsi məlumatların qorunması baxımından geniş müzakirələr doğurur. Hüquq müdafiəçiləri hesab edirlər ki, istifadəçilərin kimliyinin məcburi şəkildə açıqlanması bəzi şəxslərin sərbəst fikir bildirməkdən çəkinməsinə səbəb ola, nəticədə ictimai müzakirələrin açıq və azad mühitinə mənfi təsir göstərə bilər.

Digər mühüm məsələ isə milyonlarla istifadəçinin şəxsi məlumatlarının vahid bazalarda saxlanılması ilə bağlıdır. Belə məlumat bazalarının kibertəhlükəsizlik baxımından etibarlı qorunmaması məlumat sızmaları, şəxsiyyət oğurluğu, maliyyə dələduzluğu və şəxsi həyata müdaxilə kimi ciddi risklər yarada bilər. Bu səbəbdən, belə sistemlərin tətbiqi zamanı məlumatların mühafizəsi, şəffaf idarəetmə, hüquqi nəzarət və müstəqil audit mexanizmlərinin təmin olunması xüsusi önəm daşıyır.

Sosial şəbəkələrdə şəxsiyyətin təsdiqlənməsi həm rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, həm də hüquqpozmaların qarşısının alınması baxımından müəyyən üstünlüklər təqdim etsə də, şəxsi məlumatların qorunması və fundamental hüquq və azadlıqların təmin edilməsi ilə bağlı həssas məsələləri də gündəmə gətirir. Buna görə də bu sahədə qəbul ediləcək qərarlar təhlükəsizlik tələbləri ilə vətəndaşların əsas hüquq və azadlıqları arasında balansın qorunması prinsipi əsasında formalaşdırılmalıdır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə