6 iyul 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. SİA xəbər verir ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Şuranın fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər və ilk yarımillik ərzində görülən işlər barədə ətraflı məlumat verib.
Əhliman Əmiraslanov çıxışında qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən fəaliyyətlər ardıcıl şəkildə davam etdirilir. O, Ağsaqqallar Şurasının cəmiyyət daxilində milli-mənəvi dəyərlərin təbliği, ictimai həmrəyliyin möhkəmləndirilməsi və Qərbi Azərbaycana qayıdış ideyasının təşviqində mühüm rol oynadığını vurğulayıb.
Hesabat yığıncağında Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Vedi rayon İcmasının sədri, akademik Vaqif Şadlinski rəhbərlik etdiyi rayon icmasında ilk yarımillik ərzində həyata keçirilən görüşlər, təşkilati tədbirlər və ictimai fəallığın artırılması istiqamətində görülən işlərdən bəhs edib. O, həyata keçirilən fəaliyyətlərin Qərbi Azərbaycan ideyasının təbliği və icma üzvləri arasında birliyin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon İcmasının sədri, akademik Abel Məhərrəmov çıxışında rəhbərlik etdiyi icmada ilk yarımillik dövr ərzində keçirilən elmi görüşlər, maarifləndirmə tədbirləri və tarixi yaddaşın qorunmasına xidmət edən təşəbbüslər haqqında məlumat verib. O, Qərbi Azərbaycanın tarixi-mədəni irsinin araşdırılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon İcmasının sədri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov çıxışında ilk yarımillik ərzində təşkilati fəaliyyətin gücləndirilməsi, icma üzvləri ilə görüşlərin keçirilməsi və sosial-ictimai təşəbbüslərin həyata keçirilməsi istiqamətində görülən işlər barədə danışıb. O, qarşıdakı dövrdə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra çıxış edənlər - Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, pedaqogika üzrə elmlər doktoru, professor, İcmanın Binəqədi rayonu üzrə nümayəndəsi Həsən Bayramov, Ağsaqqallar Şurasının üzvü, professor Paşa Musayev (Qəlbinur), Ağsaqqallar Şurasının üzvü, əməkdar jurnalist, professor Etibar Babayev, və Ağsaqqallar Şurasının üzvü, filologiya elmləri doktoru, professor Aslan Bayramov ilk yarımillik ərzində həyata keçirilən elmi, ictimai, maarifçilik və media fəaliyyəti, Qərbi Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi və gənclərlə iş istiqamətində görülən işlər barədə məlumat veriblər.
Mətləb
Sonda Şuranın 2026-cı ilin ilk yarımilliyinə dair fəaliyyəti qənaətbəxş qiymətləndirilib, qarşıdakı dövrdə Ağsaqqallar Şurasının fəaliyyətinin daha da genişləndirilməsi, ictimai fəallığın artırılması, gənclərlə işin gücləndirilməsi və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə daha fəal şəkildə təbliği istiqamətində təkliflər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB