"İnsanın əsl dəyəri estetik əməliyyatlarla deyil, insani keyfiyyətləri ilə ölçülür" - PEDAQOQ

"İnsanın əsl dəyəri estetik əməliyyatlarla deyil, insani keyfiyyətləri ilə ölçülür" - PEDAQOQ

"Estetik əməliyyatların artması bu gün tibbi ehtiyacdan daha çox sosial şəbəkələrin yaratdığı, dırnaqarası "ideal gözəllik" anlayışı ilə bağlıdır. Çünki bugünkü gənc nəsil vaxtının böyük hissəsini sosial şəbəkələrdə keçirir".

Bu sözləri SİA-ya açıqlamasında, uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis, Valideyn Məktəbi-nin təsisçisi Aysel Rəsulzadə bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə insanlar daha çox filtrlənmiş üzlər, redaktə olunmuş bədənlər və mükəmməl göstərilən həyatlarla qarşılaşırlar. Halbuki reallıq tamamilə fərqlidir:

"İnsan şüuraltısı elə formalaşır ki, uzun müddət nəyi görür və nəyi düşünürsə, bir müddət sonra onu reallıq kimi qəbul etməyə başlayır. Buna görə də gənclər həmin görüntüləri gözəllik meyarı hesab edir, özlərini də o standartlara uyğun görmək istəyirlər. Onlarda belə bir düşüncə yaranır ki, "əgər mən də o cür görünsəm, insanlar tərəfindən daha çox bəyənilərəm, daha çox dəyər görərəm". Bu isə olduqca təhlükəli yanaşmadır.

Təəssüf ki, bu gün gənclər arasında xarici görünüşə həddindən artıq önəm verilməsi, daxili dünyaya, şəxsiyyətin inkişafına diqqətin azalması müşahidə olunur. Halbuki insanın əsl dəyəri onun görünüşü ilə deyil, şəxsiyyəti, düşüncəsi və insani keyfiyyətləri ilə ölçülür.

Bu məsələdə valideynlərin və ümumiyyətlə böyüklərin üzərinə böyük məsuliyyət düşür. Onlar uşaqlar üçün düzgün nümunə olmalıdırlar. Əgər insan öz dəyərini yalnız xarici görünüşü ilə ölçərsə, ömrü boyu başqalarının təsdiqini qazanmağa çalışacaq.

Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar güzgüyə baxanda yalnız xarici görünüşlərini deyil, daxili dünyalarını, şəxsiyyətlərini və potensiallarını da görə bilsinlər. Gözəllik insanın üstün cəhətlərindən biri ola bilər, amma onun əsas dəyəri bununla müəyyən edilmir. Gənclərdə özünəinam formalaşdırılmalı, onlara özlərini olduqları kimi qəbul etməyin əhəmiyyəti aşılanmalıdır.

Digər tərəfdən, bəzən valideynlər də fərqinə varmadan uşaqların özünəinamına mənfi təsir göstərirlər. "Bir az arıqlasan daha gözəl görünərsən", "Kaş saçların belə olardı" kimi fikirlər uşaqların yaddaşında qalır. Sonradan sosial şəbəkələrdə filtrlənmiş görüntülərlə qarşılaşdıqda həmin fikirlərin doğru olduğuna inanmağa başlayır və çıxış yolunu estetik əməliyyatlarda görürlər.

Yeniyetməlik və gənclik dövrü şəxsiyyətin formalaşdığı ən həssas mərhələdir. Bu yaşlarda hər bir gənc cəmiyyət tərəfindən qəbul olunmaq, bəyənilmək və dəyərli hiss etmək istəyir. Sosial şəbəkələrdəki qeyri-real gözəllik standartları isə bu ehtiyacı daha da gücləndirir. Nəticədə gənclər düşünürlər ki, estetik əməliyyat etdirməklə daha xoşbəxt olacaq, özlərinə daha çox güvənəcək və ətrafdakılar tərəfindən daha çox qəbul ediləcəklər.

Halbuki insanın dəyəri estetik əməliyyatlarla deyil, onun insani keyfiyyətləri, biliyi, xarakteri və şəxsiyyəti ilə ölçülür. Buna görə də valideyn, müəllim və bütövlükdə cəmiyyət olaraq bizim vəzifəmiz gənclərə daxili dəyərlərin əhəmiyyətini aşılamaq, onları özlərini olduğu kimi qəbul etməyə təşviq etməkdir.

Valideyn Məktəbi olaraq bildirmək istəyirəm ki, gənclərə hər zaman bu mesajı verməliyik: sənin dəyərin xarici görünüşündən qat-qat üstündür. İnsan həqiqi mənada şəxsiyyət kimi yetişmək istəyirsə, ilk növbədə daxili dünyasını zənginləşdirməli, mənəvi və insani keyfiyyətlərini inkişaf etdirməlidir. Bu baxımdan hər birimizin üzərinə ikiqat məsuliyyət düşür".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə