"Yay aylarında dəniz kənarına gedən insanların ən çox yol verdiyi səhvlərdən biri tez xarab olan qida məhsullarını uzun müddət isti şəraitdə saxlamaqdır. Xüsusilə toyuq, ət, balıq, mayonezli salatlar, yumurtalı yeməklər və konservləşdirilmiş bəzi məhsullar yüksək risk qrupuna daxildir. Bu məhsullar isti hava şəraitində qısa müddətdə bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir və qida zəhərlənməsinə səbəb ola bilər".
Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salmanov bildirib.

Onun sözlərinə görə, yay mövsümündə dəniz istiqamətində nəqliyyat sıxlığının artması da bu riski daha da yüksəldir:
"İnsanlar yolda ət və ya digər tez xarab olan məhsulları alır, daha sonra onları saatlarla avtomobildə saxlayır, dənizdə istirahət etdikdən sonra isə həmin məhsulları bişirərək istehlak edirlər. Günəş altında qızan avtomobildə saxlanılan qida məhsullarında bakterial çirklənmə çox sürətlə baş verir. Sonradan bu məhsulların istifadəsi isə ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.
Eyni risk mayonez və yumurta ilə hazırlanan salatlar üçün də keçərlidir. Bu cür məhsullar otaq temperaturunda uzun müddət qaldıqda təhlükəli mikroorqanizmlər sürətlə çoxalır. Buna görə də yay aylarında dəniz kənarına aparılacaq qidalar daha təhlükəsiz seçimlərdən ibarət olmalıdır.
Dənizdə istehlak üçün ən uyğun qidalar yaxşı yuyulmuş meyvə və tərəvəzlər, zeytun yağı ilə hazırlanmış tərəvəz salatları, qarpız, yemiş, pendir və digər tez xarab olmayan məhsullardır. Mayonezli və yumurtalı salatlardan, eləcə də tez xarab olan hazır yeməklərdən isə mümkün qədər uzaq durmaq tövsiyə olunur.
Ət, toyuq və balıq kimi məhsullar alındıqdan sonra mümkün qədər qısa müddətdə evə çatdırılmalı və dərhal soyuducuya yerləşdirilməlidir. Bu məhsulların avtomobildə və ya otaq temperaturunda saatlarla saxlanılması düzgün deyil. Əgər həmin məhsullar bişiriləcəksə, emal prosesi də gecikdirilmədən həyata keçirilməli və təhlükəsiz temperatur rejiminə ciddi şəkildə əməl olunmalıdır.
Qida təhlükəsizliyi baxımından istehlakçıların məsuliyyəti də böyükdür. Bəzən məhsul düzgün saxlanılmadığı halda sonradan satıcı və ya istehsalçı günahlandırılır. Halbuki, bir çox hallarda problem məhsulun satışından sonra düzgün daşınmaması və saxlanmaması ilə əlaqədar yaranır. Buna görə də, xüsusilə yay mövsümündə tez xarab olan qidaların daşınması, saxlanması və istifadəsi zamanı qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB