"Özünü başqaları ilə müqayisə etmək estetik əməliyyat istəyini artıra bilər"

"Özünü başqaları ilə müqayisə etmək estetik əməliyyat istəyini artıra bilər"

"Son illərdə estetik əməliyyatlara marağın artması təkcə tibbin inkişafı ilə izah olunmur. Əlbəttə, anadangəlmə qüsurların, travmaların nəticələrinin aradan qaldırılması və ya insanın həyat keyfiyyətini yüksəldən tibbi göstərişlər estetik cərrahiyyənin mühüm istiqamətləridir".

Bu fikirləri SİA-ya açıqlamasında PRİM Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Almara Məlikova bildirib.

Onun sözlərinə görə, müşahidələr və aparılan elmi tədqiqatlar göstərir ki, bu gün estetik müdaxilələrə müraciət edən insanların əhəmiyyətli hissəsini tibbi zərurətdən daha çox psixoloji və sosial amillər motivasiya edir:

"Sosial şəbəkələr bu prosesdə xüsusi rol oynayır. İnsanlar gün ərzində yüzlərlə idealizə olunmuş, filtr və foto redaktə proqramları ilə dəyişdirilmiş görüntülərlə qarşılaşırlar. Beyin bu görüntüləri zaman keçdikcə “normal” kimi qəbul etməyə başlayır və nəticədə insan öz görünüşünü həmin süni standartlarla müqayisə edir. Bu isə öz bədənindən narazılığın, özünəinamın azalmasının və bədən imici ilə bağlı narahatlıqların artmasına səbəb ola bilir.

Psixologiyada buna “sosial müqayisə nəzəriyyəsi” deyilir. İnsan özünü davamlı olaraq başqaları ilə müqayisə etdikdə, xüsusilə də əlçatmaz gözəllik standartları ilə üz-üzə qaldıqda, özünü qeyri-kafi hiss etməyə başlayır. Araşdırmalar göstərir ki, sosial şəbəkələrdən intensiv istifadə bədən narazılığı, aşağı özünəqiymət, narahatlıq və depressiv əlamətlərlə əlaqələndirilə bilər. Xüsusilə yeniyetmələr və gənclər bu təsirlərə daha həssas qrup hesab olunurlar.

Peşəkar fəaliyyətim zamanı da tez-tez müşahidə edirəm ki, bəzi insanlar estetik əməliyyata həqiqətən xarici görünüşlərini yaxşılaşdırmaq üçün deyil, daxildə yaşadıqları emosional narahatlığı aradan qaldırmaq ümidi ilə müraciət edirlər. Halbuki özünə inamsızlığın, qəbul edilməmək qorxusunun və ya aşağı özünəqiymətin kökü psixoloji amillərlə bağlıdırsa, təkcə görünüşdə edilən dəyişiklik həmin problemi tam həll etmir. İlk dövrdə məmnunluq yaransa da, bir müddət sonra narazılıq bədənin başqa hissəsinə yönələ və insan yeni estetik müdaxilələrə ehtiyac hiss edə bilər.

Bu baxımdan estetik əməliyyat qərarı verərkən insan özünə bir sual verməlidir: “Mən bunu həqiqətən öz istəyim üçün edirəm, yoxsa başqalarının məni necə görəcəyini düşündüyüm üçün?” Əgər qərarın əsasında davamlı narazılıq, özünü qəbul etməmək və ya sosial təzyiq dayanırsa, əməliyyatdan əvvəl psixoloqla məsləhətləşmək çox faydalı ola bilər.

Estetik müdaxilələrə qarşı olmaq doğru yanaşma deyil. Əksinə, düzgün göstərişlə, real gözləntilərlə və sağlam psixoloji vəziyyətdə verilən qərarlar insanın həyat keyfiyyətini və özündən məmnunluğunu artıra bilər. Lakin cəmiyyət olaraq insanlara yalnız xarici görünüşün deyil, psixoloji sağlamlığın, özünü qəbul etməyin və fərdiliyin də dəyərli olduğunu aşılamaq vacibdir. Çünki həqiqi gözəllik yalnız güzgüdə görünən obrazdan deyil, insanın özünü necə qəbul etməsindən və özünü nə qədər dəyərli hiss etməsindən başlayır".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə