Yemək zamanı telefon istifadəsi artıq qidalanmaya səbəb olurmu? - EKSPERT DANIŞDI

Yemək zamanı telefon istifadəsi artıq qidalanmaya səbəb olurmu? - EKSPERT DANIŞDI

"Yemək zamanı telefondan istifadə etmək ilk baxışdan zərərsiz vərdiş kimi görünsə də, həm həzm prosesinə, həm də qəbul edilən qida miqdarına mənfi təsir göstərə bilər. Telefon ekranına diqqət yönəldikdə beyin yemək prosesinə tam fokuslana bilmir".

Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, insan daha sürətlə yeyir, qidanı kifayət qədər çeynəmir və bu da həzm sisteminin işini çətinləşdirə bilər:

"Kifayət qədər çeynənməyən qidalar mədə-bağırsaq narahatlığına, köpə və həzmsizliyə səbəb ola bilər.

Bundan əlavə, telefona baxaraq yemək yeyən insanlar adətən toxluq siqnallarını daha gec hiss edirlər. Beyin diqqətini ekrana yönəltdiyi üçün qəbul edilən qida miqdarını tam qiymətləndirə bilmir. Bu da normadan artıq qida qəbuluna gətirib çıxara bilər. Araşdırmalar göstərir ki, diqqətin yayınması zamanı qəbul edilən kalori miqdarı arta bilər və bu vərdiş uzunmüddətli perspektivdə çəki artımı riskini yüksəldə bilər.

Psixoloji baxımdan da bu vərdiş müəyyən təsirlər yaradır. Yemək yalnız enerji qəbul etmək deyil, eyni zamanda şüurlu şəkildə qidalanmaq prosesidir. Telefondan istifadə edərək yemək yemək insanın qidadan aldığı məmnunluq hissini azalda, emosional qidalanma davranışını gücləndirə və diqqətin daim bölünməsinə səbəb ola bilər. Ailə üzvləri ilə birlikdə yemək zamanı telefondan istifadə isə ünsiyyəti zəiflədə və sosial münasibətlərə də mənfi təsir göstərə bilər.

Daha sağlam qidalanmaq üçün yemək zamanı telefonu bir kənara qoymaq, qidanı yavaş-yavaş və yaxşı çeynəyərək qəbul etmək, onun dadına və porsiya miqdarına diqqət yetirmək tövsiyə olunur. Bu sadə vərdiş həm həzm prosesini yaxşılaşdırmağa, həm də normadan artıq qidalanmanın qarşısını almağa kömək edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə