“Ailə sağlam cəmiyyətin formalaşmasının əsas şərtlərindən biri hesab olunur“ - SOSİOLOQ DANIŞDI
“Azərbaycan Respublikasında ailə münasibətləri qanunvericiliklə tənzimlənir və bu sahədə əsas hüquqi sənəd Azərbaycan Respublikasının Ailə Məcəlləsidir. Məcəllənin 12-ci maddəsinə əsasən, nikah yalnız hər iki tərəfin könüllü razılığı əsasında bağlanır və rəsmi nikaha daxil olmaq istəyən şəxslərdən heç biri başqa nikahda olmamalıdır. Başqa sözlə, ölkə qanunvericiliyi eyni vaxtda birdən çox rəsmi nikahın mövcudluğunu qəbul etmir və ailə institutunu monoqamiya prinsipi əsasında qoruyur”.
Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görə, bu hüquqi norma təkcə qanunun tələbi deyil, həm də Azərbaycanda formalaşmış ailə münasibətlərinin əsas prinsiplərindən birini əks etdirir:
”Uzun illər ərzində ölkəmizdə ailə modeli qarşılıqlı sədaqət, məsuliyyət və bir kişi ilə bir qadının rəsmi nikahına əsaslanıb. Məhz buna görə də çoxarvadlılıq mövzusu həm hüquqi, həm də sosial baxımdan Azərbaycan cəmiyyətində qəbul edilən ailə modelinə uyğun hesab olunmur.
Xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, rəsmi nikahda olan şəxsin paralel şəkildə başqa qadınla dini nikah münasibəti qurması hüquqi baxımdan ailə münasibətləri yaratmır. Lakin belə hallar ailədaxili etimadın sarsılmasına, psixoloji gərginliyin artmasına və ailələrin dağılması riskinin yüksəlməsinə səbəb ola bilər. Bunun nəticələri yalnız ailə üzvlərinə deyil, ümumilikdə cəmiyyətin sosial sabitliyinə də mənfi təsir göstərir.
Çoxevlilik mövzusu müzakirə edilərkən bəzən dini arqumentlərə istinad olunur. Bununla belə, dini mənbələrdə qeyd olunan çoxevlilik məsələsi müəyyən tarixi və sosial şərait çərçivəsində izah edilir. Bir sıra dini şərhlərə görə, həmin dövrdə əsas məqsədlərdən biri himayəsiz qalmış qadınların və uşaqların sosial müdafiəsini təmin etmək idi. Bu səbəbdən həmin tarixi yanaşmanı müasir hüquqi və sosial reallıqlarla eyniləşdirmək düzgün qiymətləndirilmir.
Digər tərəfdən, müasir Azərbaycanın sosial-iqtisadi şəraiti də bu məsələyə fərqli yanaşma tələb edir. Ailə saxlamaq, uşaqların təhsili, sağlamlığı və gündəlik ehtiyaclarının təmin olunması getdikcə daha böyük məsuliyyət və maliyyə imkanları tələb edir. Belə bir şəraitdə bir neçə ailənin eyni səviyyədə maddi və mənəvi təminatını həyata keçirmək həm praktik, həm də sosial baxımdan ciddi çətinliklər yaradır.
Ailə institutunun möhkəmləndirilməsi, nikah münasibətlərində qarşılıqlı etimadın və məsuliyyətin qorunması cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, ailə dəyərlərinin möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə hörmətlə yanaşılması və ailə münasibətlərində sədaqət prinsipinin qorunması sağlam cəmiyyətin formalaşmasının əsas şərtlərindən biri hesab olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB