İsti havaların gəlişi ilə birlikdə bazarlarda qarpız və yemişin satışı da artıb. Mövsüm tam başlamasa da, bu məhsullar artıq alıcıların diqqətini cəlb edir. Ancaq bir çox insanı düşündürən əsas məsələ onların nə dərəcədə təbii və sağlam olmasıdır. Bəs iyulun əvvəlində satışda olan qarpız və yemişi rahatlıqla istehlak etmək olarmı? İyulun əvvəlində satılan qarpız və yemişi yemək təhlükəsizdirmi? Bu məhsulların təbii yetişib-yetişmədiyini alıcı necə anlaya bilər? Qarpız və yemişi hansı şəxslər daha ehtiyatla yeməlidir? Gün ərzində qarpız və yemişi nə qədər yemək məsləhətdir?
Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, nitrat qalıqları və mikrobioloji çirklənmə riskinə qarşı diqqətli olmaq lazımdır:
“Erkən məhsul əldə etmək üçün bəzi təsərrüfatlarda azotlu gübrələrdən normadan artıq istifadə edilə bilər. Nitratlar insan bədənində daha toksik olan nitritlərə çevrilir. Nitritlər isə qanda hemoqlobinlə birləşərək methemoqlobin yaradır. Hüceyrələrin oksigen təchizatını pozur. Qarpız və yemiş yüksək su və şəkər tərkibli olduqları üçün patogen mikroorqanizmlər üçün ideal qida mühitidir. Bir çox hallarda kəsilmiş halda, açıq havada, günəş altında saxlanılan meyvələri müşahidə edirik. Bu ciddi təhlükə mənbəyidir. Qarpız seçərkən bir neçə məqama diqqət etsək faydalı olar. Qarpızın yerlə təmas edən hissəsindəki ləkə sarı və ya sarımtıl-krem rəngdə olmalıdır. Ağ ləkə məhsulun tam yetişmədən dərildiyini göstərir. Qarpıza vuranda gələn səs boğuq olmamalıdır. Cingiltili və dolğun olmalıdır. Ölçüsünə görə ağır olan qarpız onun şirəli və təbii yetişdiyinin əlamətidir. Çox böyük, yüngül olan qarpızlar hormonal böyümənin nəticəsi ola bilər.
Təbii yemiş özünəməxsus güclü, şirin ətir yaymalıdır. Əgər ot, ya rütubət qoxusu gəlirsə, bu onun süni şəkildə yetişdirildiyini göstərir. Qarpız və yemişi kəsməzdən əvvəl qabığını axar su altında mütləq yumalıyıü. Əks halda bıçaq qabıqdakı mikroorqanizmləri daxili lət hissəsinə ötürəcək və çarpaz çirklənmə baş verəcək. Kəsilmiş qarpız və yemiş otaq temperaturunda 2 saatdan çox qalmamalıdır. Dərhal streç filmlə örtülərək 4 dərəcə temperaturda soyuducuda saxlanmalı və maksimum 24-48 saat ərzində istehlak edilməlidir.
Nəzərə alaq ki, qarpızın qlikemik indeksi yüksəkdir, Bu qan şəkərini sürətlə qaldırır. Nitrat qalıqlarına qarşı uşaqların immun sistemi daha həssasdır.
Gün ərzində təxminən 2-3 orta dilim qarpız yeyə bilərik. Yemiş isə gün ərzində 200–300 qram yeyə bilərik. Magistral yolların kənarında, birbaşa asfalt üzərində və günəş şüaları altında satılan qarpız və yemişləri heç bir halda almamalıyıq. Bu məhsulların qabığı məsaməlidir və avtomobillərdən çıxan ağır metalları və qazları özünə hopdurur. Həmçinin dilimlənmiş halda, üzəri açıq satılan qarpızların mikrobioloji yoluxma riski çox yüksəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB