"Sağlamlıq üçün bütöv meyvəyə üstünlük verin" - EKSPERT AÇIQLADI

"Sağlamlıq üçün bütöv meyvəyə üstünlük verin" - EKSPERT AÇIQLADI

"Yay mövsümündə çimərliklərdə, istirahət mərkəzlərində və ictimai iaşə obyektlərində açıq şəkildə satılan doğranmış meyvələrə tez-tez rast gəlirik. Əslində, bu cür məhsullar müəyyən mikrobioloji risklər daşıyır".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, meyvə və tərəvəzlər bütöv halda olduqda, onların qabığı təbii qoruyucu rolunu oynayır. Lakin meyvə kəsildikdən sonra bu qoruyucu qat aradan qalxır və məhsul xarici mühitin təsirlərinə qarşı daha həssas olur: "Doğranmış meyvələr insanların əlləri, istifadə olunan bıçaqlar, doğrama lövhələri, eləcə də havadakı toz hissəcikləri və digər mikroorqanizmlər vasitəsilə çirklənə bilər. Belə hallarda Listeria, Salmonella və digər zərərli mikroorqanizmlərlə yoluxma riski artır. Bu isə qida zəhərlənməsinə, ishala, qarın ağrılarına, ürəkbulanmaya, qusmaya və bəzi hallarda allergik reaksiyalara səbəb ola bilər.

Xüsusilə qarpız, yemiş və digər doğranmış meyvələrin soyuducu şərait olmadan, üstü açıq şəkildə satışa təqdim edilməsi qətiyyən məqsədəuyğun deyil. Belə şəraitdə həm ətraf mühitdən çirklənmə baş verir, həm də müxtəlif məhsullar arasında çarpaz çirklənmə riski yaranır.

Bundan əlavə, satış məntəqələrində sanitariya-gigiyena qaydalarına əməl olunmaması da insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Meyvələrin doğranmasında istifadə olunan bıçaqların, doğrama lövhələrinin və digər alətlərin kifayət qədər təmizlənməməsi mikroorqanizmlərin yayılmasını sürətləndirə bilər.

Bu səbəbdən istehlakçılara tövsiyə olunur ki, mümkün qədər bütöv meyvələrə üstünlük versinlər. Meyvələr istifadə edilməzdən əvvəl yaxşıca yuyulmalı, təmiz alətlərlə doğranmalı və soyuducu şəraitdə saxlanılmalıdır.

Açıq havada, soyuducu şərait olmadan və qoruyucu örtük istifadə edilmədən satılan doğranmış meyvələrin istehlakı sağlamlıq üçün ciddi risk yarada bilər. Bu baxımdan həm satıcılar sanitariya-gigiyena qaydalarına ciddi əməl etməli, həm də istehlakçılar öz sağlamlıqlarını riskə atmamaq üçün bu cür məhsulları alarkən diqqətli olmalıdırlar".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə