Müasir dövrdə çoxmənzilli yaşayış binalarında təhlükəsizlik məqsədilə videomüşahidə sistemlərinin quraşdırılması geniş tətbiq olunur. Bu sistemlər oğurluq və digər hüquqazidd əməllərin qarşısının alınmasına, həmçinin baş vermiş hadisələrin araşdırılmasına xidmət edir. Bununla belə, təhlükəsizlik məqsədi ilə həyata keçirilən videomüşahidə şəxslərin konstitusion hüquqlarından biri olan şəxsi həyatın toxunulmazlığı hüququ ilə uzlaşdırılmalıdır.
Bu sözləri SİA-ya açıqlamasında vəkil Səma Əhmədova deyib.

O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır:
”Heç kəs qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsi həyatına müdaxiləyə məruz qala bilməz. Bu hüquq həmçinin İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası ilə də təmin edilir. Həmin maddəyə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışmalarına hörmət olunması hüququna malikdir və bu hüquqa müdaxilə yalnız qanunla müəyyən edilmiş, demokratik cəmiyyətdə zəruri hesab olunan hallarda mümkündür.
Qanunvericilik təhlükəsizlik kameralarının quraşdırılmasını ümumi qaydada qadağan etmir. Əksinə, əmlakın və insanların təhlükəsizliyinin təmin edilməsi legitim məqsəd hesab olunur. Lakin bu məqsəd şəxsi həyata qeyri-mütənasib müdaxiləyə əsas vermir. Hüququn əsas prinsiplərindən biri olan proporsionallıq prinsipi tələb edir ki, təhlükəsizlik məqsədilə görülən tədbirlər həmin məqsədə çatmaq üçün zəruri və ölçülü olsun.
Bu baxımdan, çoxmənzilli yaşayış binalarında giriş qapıları, foye, liftlər, dəhlizlər, avtodayanacaq və həyət kimi ümumi istifadə sahələrinin videomüşahidə altında saxlanılması, bir qayda olaraq, hüquqi baxımdan əsaslandırılmış hesab edilir. Çünki bu ərazilərdə müşahidənin məqsədi şəxslərin təhlükəsizliyinin və ümumi əmlakın qorunmasıdır.
Lakin kameraların yerləşdirilməsi konkret mənzilin daxilini, qapısı açıldığı zaman yaşayış sahəsini, balkon və ya pəncərələrini daimi şəkildə müşahidə edirsə, artıq bu hal şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilə bilər. Eyni zamanda, sanitar qovşaqları, soyunub-geyinmə otaqları və digər şəxsi məkanlarda videomüşahidənin aparılması hüquqi baxımdan yolverilməzdir.
Videomüşahidənin qanuniliyinin qiymətləndirilməsi zamanı yalnız kameranın quraşdırılması deyil, əldə olunan görüntülərin saxlanılması, istifadəsi və üçüncü şəxslərə ötürülməsi qaydaları da nəzərə alınmalıdır. Təhlükəsizlik məqsədilə əldə edilmiş görüntülərin qanuni əsas olmadan yayılması və ya şəxslərin razılığı olmadan başqa məqsədlərlə istifadə edilməsi şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına səbəb ola bilər və müvafiq hüquqi məsuliyyət yarada bilər.
Bundan əlavə, videomüşahidə aparılan ərazilərdə insanların bu barədə məlumatlandırılması hüquqi şəffaflığın vacib elementlərindən biridir. Təcrübədə bu, adətən müvafiq xəbərdarlıq lövhələrinin yerləşdirilməsi ilə təmin olunur və şəxslərə müşahidənin mövcudluğu barədə əvvəlcədən məlumat verir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB