İyunun 27-də Naxçıvan Şəhər İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” və Əcəmi Naxçıvaninin 900 illiyi çərçivəsində “Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” mövzusunda respublika elmi konfransı keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Muzeyində qonaqlara Ulu Öndərin zəngin dövlətçilik irsi, çoxşaxəli siyasi fəaliyyəti və ömrünün Naxçıvan mərhələsinə dair materiallar barədə ətraflı məlumat verilib.
Sonra görkəmli memar Əcəmi Naxçıvaninin həyatı və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib.
Konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Əcəmi irsi” adlı məruzəsində Prezident İlham Əliyevin “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2025-ci il tarixli Sərəncamının elmi əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Sərəncam böyük memarlıq məktəbi yaratmış görkəmli şəxsiyyətin irsinə verilən yüksək qiymətin ifadəsi olmaqla bərabər, həm də Əcəmi irsinin yenidən öyrənilməsi və tədqiqinə mühüm istiqamət verir.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Əcəmi Naxçıvani: həyatı, mühiti və sənəti” adlı məruzəsində bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1976-cı ildə memarın 850 illik yubileyi təntənəli şəkildə qeyd olunub. “Naxçıvan memarlıq məktəbinin əsasını qoyan Əcəminin yaradıcılığının inciləri sayılan Yusif Küseyir oğlu və Möminə xatun türbələri bu gün də dünya memarlığının seçilən nümunələridir”, - deyə akademik qeyd edib.
Vurğulanıb ki, böyük memar Əcəmi Naxçıvaninin zəngin həyat və yaradıcılığı, gələcək nəsillərə miras qoyduğu bənzərsiz sənət inciləri ona şöhrət qazandırıb. Təsadüfi deyil ki, ustad sənətkarın irsi hər zaman yerli və xarici tədqiqatçıların, eləcə də fundamental elmlərlə məşğul olan alimlərin diqqət mərkəzində olub, bu istiqamətdə olduqca sanballı monoqrafiyalar ərsəyə gətirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Naxçıvanda şəhər mədəniyyətinin inkişafında Əcəmi sənətinin rolu” adlı məruzəsində dahi memarın yubileyinin həm dövlət, həm də YUNESKO səviyyəsində qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, Əcəmi Əbubəkir oğlu Naxçıvani Azərbaycanın, bütövlükdə Türk-İslam mədəniyyətinin çox böyük qurucularından biridir. Memar Əcəmi irsinin həmişə yeni, müasir olduğunu qeyd edən rektor bildirib ki, universitetdə tələbələr üçün Əcəmi Naxçıvani adına təqaüd təsis olunub, Əcəmi Naxçıvaninin abidəsi Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin qarşısında ucaldılıb, həmçinin universitetdə Memar Əcəmi adına Yaradıcılıq Mərkəzinin yaradılması planlaşdırılır.
Elbrus İsayev dövlət başçısının müvafiq sərəncamlarının Naxçıvan mədəniyyətinə və onun dahi şəxsiyyətlərinə verilən yüksək qiymətin təzahürü olduğunu bildirib. O, həmçinin bu konfransın Memar Əcəmi irsinin tədqiqinə və ustadın xatirəsinə mühüm bir töhfə olduğunu vurğulayıb.
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə “Əcəmi Naxçıvaninin yaradıcılığı dünya memarlığında” adlı məruzəsində Əcəmi yaradıcılığında sənətkarın ornament kompozisiyalarında bədiiliklə riyazi təfəkkürün unikal vəhdətini təhlil edib. O, Əcəmi Naxçıvani yaradıcılığından təsirlənərək ucaldılan, memarlıq baxımından əhəmiyyətli komplekslər, tarixi abidələr haqqında məlumat verib.
Professorun məruzəsində Əcəmi yaradıcılığının təhlili təfərrüatı ilə vizual şəkildə diqqətə çatdırılıb.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Naxçıvan memarlıq abidələrinin Türkiyədə öyrənilməsi və nəşri” başlıqlı məruzəsində bildirib ki, Əcəmi Naxçıvani irsi olduqca geniş bir coğrafiyada böyük təsir gücünə malikdir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Naxçıvana səfəri zamanı Möminə xatun türbəsini ziyarət edərək, bu milli memarlıq incisinin gələcək nəsillərə çatdırılması üçün onun bərpa olunması ilə bağlı xüsusi tapşırıqlar vermişdi.
Prezident İlham Əliyevin “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncamının mühüm əhəmiyyət daşıdığını qeyd edən professor Əcəmi yaradıcılığını ölməz məktəb adlandırıb.
Konfransın sonunda “Memar Əcəmi” sənədli filminə baxış olub.
“Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” respublika elmi konfransı öz işinə “Əcəmi Naxçıvaninin dövrü, mühiti və irsi”, “Əcəmi Naxçıvani irsinə dövlət qayğısı və Möminə xatun türbəsi memarlıq incisi kimi”, “Dil, ədəbiyyat, folklor və maddi mədəniyyət nümunələri” və “Əcəmi Naxçıvani irsinin dünya və Yaxın Şərq memarlığına təsiri” adlı bölmə iclasları ilə davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB