Bu gün Ümumdünya Balıqçılıq Günüdür

Bu gün Ümumdünya Balıqçılıq Günüdür

İyunun 27-si Ümumdünya Balıqçılıq Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu gün 1984-cü ildə Romada keçirilən balıqçılığın tənzimlənməsi və inkişafı üzrə beynəlxalq konfransın qərarı ilə təsis edilib və 1985-ci ildən qeyd olunur.

Ümumdünya Balıqçılıq Gününün əsas məqsədi balıq ehtiyatlarının qorunması, su bioresurslarının səmərəli istifadəsi, həmçinin balıqçılıq ənənələrinin yaşadılması barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Bu gün dünyanın bir çox ölkələrində balıq ovu üzrə müxtəlif yarışlar, təlim seminarları keçirilir. Həmin tədbirlər həm peşəkar, həm də həvəskar balıqçıları bir araya gətirir. Azərbaycanda da Xəzər dənizi və daxili su hövzələrinin zənginliyi nəzərə alınaraq, bu gün hər il qeyd edilir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib ki, hazırda ölkə üzrə əmtəəlik akvakultura məhsullarının illik istehsal həcmi təxminən 4000 ton təşkil edir ki, bu da ölkədaxili istehlakın yalnız kiçik bir hissəsini qarşılayır. 2030-cu ilə qədər akvakultura məhsulları istehsalının həcminin ən azı iki dəfə artırılması əsas hədəf kimi müəyyən edilib.

Azərbaycanda balıqçılıq sahəsinin inkişafına nail olmaq üçün hazırda ilkin mərhələdə istehsal həcminə bağlı subsidiyaların tətbiqi ilə bağlı layihə üzərində iş aparılır. Bununla yanaşı, balıqçılıqda istifadə olunan müəyyən material və avadanlıqların ölkəyə idxalı zamanı güzəştlərin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, gələcək illərdə akvakultura subyektləri üçün aqrar kredit və aqrar sığorta mexanizmlərinin yaradılması planlaşdırılır.

İlk növbədə, akvakultura təsərrüfatlarının fəaliyyətinin rəsmiləşdirilməsini asanlaşdırmaq məqsədilə qanunvericiliyin tələblərinin sadələşdirilməsi vacib hesab olunur. Bununla yanaşı, ölkənin damazlıq materialına olan tələbatının ödənilməsi və təbii su bioresurslarının bərpasının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin müasir tələblərə uyğun yenidən qurulması nəzərdə tutulur. Həmçinin ölkənin müxtəlif bölgələrində bir neçə yeni, müasir tipli akvakultura müəssisəsinin yaradılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə