Qəhrəman qadınlara dəstək: Qazi və şəhid xanımları ilə psixoloji iş

Qəhrəman qadınlara dəstək: Qazi və şəhid xanımları ilə psixoloji iş

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Qəhrəman Qadınlara Dəstək: Qazi və Şəhid Xanımları ilə Psixoloji İş” layihəsi şəhid və qazi ailələrinin xanımlarına psixoloji dəstəyin göstərilməsi, onların emosional rifahının gücləndirilməsi və sosial fəallığının artırılması məqsədini daşıyır.

SİA xəbər verir ki, layihə çərçivəsində 26, 27 və 28 iyun tarixlərində Goranboy rayonunda, eləcə də 3, 4 və 5 iyul tarixlərində Bərdə rayonunda şəhid və qazi xanımları üçün psixoloji təlim və maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulur.

Təlim proqramı iştirakçıların psixoloji sağlamlığının qorunması, stress və emosional gərginliyin idarə olunması, travma sonrası bərpa prosesinin dəstəklənməsi, özünəinamın artırılması və sosial münasibətlərin gücləndirilməsi istiqamətlərini əhatə edəcəkdir. Tədbirlər zamanı peşəkar psixoloqlar tərəfindən qrup terapiyaları, interaktiv müzakirələr, maarifləndirici sessiyalar və fərdi psixoloji konsultasiyalar təşkil olunacaqdır.

Layihənin əsas məqsədi şəhid və qazi ailələrinin xanımlarına mənəvi və psixoloji dəstək göstərmək, onların həyat keyfiyyətinin yüksəldilməsinə töhfə vermək, cəmiyyətdəki rolunu və fədakarlığını ön plana çıxarmaqdır. Eyni zamanda layihə iştirakçılar arasında qarşılıqlı dəstək və həmrəylik mühitinin formalaşdırılmasına xidmət edir.

Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən bu layihə qəhrəman qadınlarımızın yanında olmaq, onların psixoloji rifahını dəstəkləmək və sosial inteqrasiyasını gücləndirmək istiqamətində mühüm təşəbbüslərdən biridir. Layihə çərçivəsində keçiriləcək təlimlərin iştirakçıların emosional dayanıqlılığının artırılmasına və gələcəyə daha inamla baxmalarına töhfə verəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə