Binalarda özbaşına tikinti aparanlar necə məsuliyyət daşıyır? - VƏKİL AÇIQLADI

Binalarda özbaşına tikinti aparanlar necə məsuliyyət daşıyır? - VƏKİL AÇIQLADI

Qanunsuz tikinti və özbaşına artırmalar uzun illərdir yaşayış binalarında ən çox rast gəlinən problemlərdən biridir. Bəzi hallarda vətəndaşlar mənzillərin sahəsini genişləndirmək, əlavə otaq və ya mərtəbə tikmək məqsədilə binanın konstruksiyasına müdaxilə edir, dam örtüklərində və ümumi istifadə sahələrində qanunsuz dəyişikliklər aparırlar. Lakin bu cür addımlar təkcə şəhərsalma və tikinti qaydalarının pozulması deyil, həm də digər sakinlərin təhlükəsizliyi üçün ciddi risk yarada bilər.

Bu sözləri SİA-ya vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, məhz buna görə də qanunvericilik yaşayış sahələrinin özbaşına yenidən qurulmasına və yenidən planlaşdırılmasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 393.3-cü maddəsinə əsasən, yaşayış sahələrinin özbaşına yenidən qurulması və ya yenidən planlaşdırılması nəticəsində digər şəxslərin hüquq və qanuni mənafeləri pozulduqda, yaxud onların həyat və sağlamlığı üçün real təhlükə yarandıqda fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər isə 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilirlər:

“Praktikada isə bu o deməkdir ki, binada icazəsiz mərtəbə artırılması, daşıyıcı divarların sökülməsi, eyvanların genişləndirilməsi və ya digər qanunsuz tikinti işləri aşkar olunduqda aidiyyəti qurumlar tərəfindən inzibati tədbirlər görülür. Cərimə ilə yanaşı, əksər hallarda qanunsuz tikilinin sökülməsi və əvvəlki vəziyyətin bərpa olunması da tələb edilir. Mütəxəssislər hesab edirlər ki, belə müdaxilələr binaların dayanıqlığını zəiflədə, qəza riskini artıra və nəticədə onlarla insanın həyatını təhlükə altına qoya bilər. Buna görə də qanunsuz artırmalar təkcə fərdi məsələ deyil, ictimai təhlükəsizlik problemi kimi qiymətləndirilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə