“Aşura günü qanvermə aksiyalarına maraq ildən-ilə artır” - Gündüz İsmayılov

“Aşura günü qanvermə aksiyalarına maraq ildən-ilə artır” - Gündüz İsmayılov

“Bu il Aşura günü ilə əlaqədar ölkənin bütün bölgələrində 38 məntəqədə qanvermə aksiyaları təşkil olunub. Həmin məntəqələr əsasən məscidlər və ziyarətgahlardır. Artıq işğaldan azad edilmiş ərazilərdəki məscidlərdə, o cümlədən Ağdam Cümə məscidində və Şuşa şəhərində də qanvermə aksiyaları keçirilir”.

SİA xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Komitə sədrinin müavini bildirib ki, son illərdə Aşura günü keçirilən qanvermə aksiyalarının coğrafiyası genişlənib və iştirakçıların sayı da davamlı olaraq artır. Onun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutunda da artıq bir neçə ildir bu aksiya təşkil olunur ki, bu da xüsusi əhəmiyyət daşıyır.

Gündüz İsmayılov qeyd edib ki, aksiyanın keçirilməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə yanaşı, Azərbaycan İlahiyyat İnstitutu, Qafqaz Müsəlmanları İdarəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, TƏBİB, Səhiyyə Nazirliyi, Azərbaycan Könüllülər İttifaqı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Gənclər Fondu və digər qurumlar yaxından iştirak edirlər.

O vurğulayıb ki, aksiyanın ilk saatlarından qan vermək istəyənlərin sayı kifayət qədər çox olub və əvvəlki illərin təcrübəsi göstərir ki, müraciətlər günün sonuna qədər davam edir.

Sədr müavini insanların Aşura hadisəsinin mahiyyətini daha düzgün dərk etməsinin aksiyalara marağın artmasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, vətəndaşlar verdikləri qanın talassemiya və hemofiliya kimi xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunduğunu bildikləri üçün bu təşəbbüsə böyük həvəslə qoşulurlar.

Gündüz İsmayılov əlavə edib ki, bu gün cəmiyyətdə Aşura mərasimlərinin mahiyyəti ilə bağlı daha düzgün təsəvvür formalaşıb: “İnsanlar anlayırlar ki, İmam Hüseynin təbliğ etdiyi humanizm, mərhəmət, ədalət və fədakarlıq dəyərlərini yaşatmağın ən gözəl yollarından biri ehtiyacı olan insanlara yardım etməkdir”.

Onun sözlərinə görə, Aşura günü keçirilən qanvermə aksiyaları Azərbaycan cəmiyyətinin humanist dəyərlərə sadiqliyinin, yardımlaşma ənənələrinin və dini-mənəvi dəyərlərin düzgün şəkildə yaşadılmasının parlaq nümunəsidir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə