"Yay aylarında havanın temperaturunun kəskin yüksəlməsi ilə əlaqədar olaraq günvurma halları daha tez-tez müşahidə olunur. Günvurma orqanizmin uzun müddət yüksək temperaturun təsirinə məruz qalması nəticəsində bədən istiliyini tənzimləmə qabiliyyətinin pozulması ilə yaranan ciddi vəziyyətdir".
Bu fikirləri SİA-ya açıqlamasında həkim-mütəxəssis, kardioloq Emil Hasilov bildirib.

Onun sözlərinə görə, günvurmanın əsas səbəbləri arasında günəş altında uzun müddət qalmaq, yüksək temperatur və rütubət şəraitində işləmək, kifayət qədər maye (su) qəbul etməmək, günəş altında ağır fiziki fəaliyyət göstərmək yer alır:
"Xüsusilə uşaqlar, yaşlı şəxslər, ürək-damar, şəkərli diabet və digər xroniki xəstəlikləri olan insanlar, həmçinin açıq havada çalışan şəxslər daha yüksək risk qrupuna daxildir. Bu şəxslərdə orqanizmin istiliyə uyğunlaşma imkanları məhdud olduğundan günvurma daha ağır keçə bilər. Xüsusilə də ürək xəstələri buna mütləq diqqət etməlidirlər.
Günvurmanın qarşısını almaq üçün günün ən isti saatlarında (11:00–17:00) birbaşa günəş şüaları altında çox qalmamağı, bol maye (qazsız, çox soyuq olmayan su) qəbul etməyi, açıq rəngli və yüngül geyimlərdən istifadə etməyi, baş örtüyü taxmağı və fiziki aktivliyi səhər və ya axşam saatlarına planlaşdırmağı məsləhət görürük.
Risk qrupunda olan insanlara evdən çıxarkən mütləq yanlarında su gəzdirmələri tövsiyə edilir. Günvurma zamanı baş ağrısı, halsızlıq, başgicəllənmə, ürəkbulanma, bədən hərarətinin yüksəlməsi və huşun pozulması kimi əlamətlər yarana bilər. Belə hallarda şəxs dərhal sərin yerə aparılmalı, ona maye verilməli və zərurət olduqda təcili tibbi yardım çağırılmalıdır.
Yay mövsümündə sadə profilaktik tədbirlərə əməl etməklə günvurmanın və onun ağır fəsadlarının qarşısını almaq mümkündür. Sağlamlığınızı qorumaq üçün isti havalarda xüsusilə diqqətli olun. Hər birinizə sağlamlıq arzulayıram".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB