Moped və ya motosikllərlə bağlı risklərin aradan qaldırılması üçün nələr edilməlidir? - EKSPERT AÇIQLADI

Moped və ya motosikllərlə bağlı risklərin aradan qaldırılması üçün nələr edilməlidir? - EKSPERT AÇIQLADI

Azərbaycanda, xüsusilə gənclər arasında moped və motosikllərdən istifadənin artması müşahidə olunur. Bu nəqliyyat vasitələri həm sürətli və rahat hərəkət imkanı yaratdığı, həm də gənclər üçün maraqlı və cəlbedici olduğu üçün geniş yayılıb. Lakin təhlükəsizlik qaydalarına əməl edilmədən, sürücülük vəsiqəsi olmadan və dövlət qeydiyyatından keçmədən idarə olunan moped və motosikllər yol hərəkəti təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bəs, bu risklərin qarşısını almaq üçün nələr edilməlidir?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı SİA-ya açıqlamasında bildirib ki, motosikllərin idarə olunması ilə bağlı qanunvericilikdə dəyişikliklər artıq uzun müddətdir qüvvədədir:

“Həm mopedlərin, həm də motosikllərin idarə olunması üçün mütləq sürücülük vəsiqəsi tələb edilir. Bundan əlavə, həmin nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalı və üzərlərində dövlət qeydiyyat nişanı olmalıdır.

Hazırda bir çox gənclər, o cümlədən gənc qızlar arasında moped və motosikllərə maraq artıb. Tez-tez müşahidə edirik ki, onlar şəhərin müxtəlif parklarında və ya kənar ərazilərdə bu nəqliyyat vasitələrini idarə etməyi öyrənməyə çalışırlar. Adətən onlara sevgililəri, dostları və ya qohumları kömək edir. Ancaq gənclər anlamalıdırlar ki, motosikl və moped sadəcə əyləncə vasitəsi deyil, tamhüquqlu nəqliyyat vasitəsidir. Onları idarə etmək üçün müəyyən bilik və bacarıqlara yiyələnmək, təcrübə qazanmaq vacibdir. Sadəcə texniki idarəetmə qaydalarını bilmək kifayət etmir”.

Ekspert qeyd edib ki, sürücülər yol hərəkəti qaydalarını, yol nişanlarını, svetoforların tələblərini və yol nişanlanma xətlərini də mükəmməl şəkildə mənimsəməlidirlər:

“Bu məsələlər bizi ciddi narahat edir. Buna görə də nəzarət tədbirləri daha da gücləndirilməlidir. Sürücülük vəsiqəsi olmadan, dövlət qeydiyyatından keçmədən və ya qeydiyyat nişanı olmadan moped və motosikl idarə edən şəxslər qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb edilməlidirlər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə