Mövsümlə əlaqədar olaraq dənizdə vəziyyət necədir? - REPORTAJ

Mövsümlə əlaqədar olaraq dənizdə vəziyyət necədir? - REPORTAJ

İyunun 15-dən etibarən dəniz mövsümünə rəsmi start verilib. Bununla əlaqədar olaraq dəniz suyunun temperaturunu, çimərliklərdəki vəziyyəti və vətəndaşların fikirlərini öyrənmək üçün Şıxov çimərliyinə gəlmişik.

Dəniz sahilinin təmizliyi, günəşli hava, sərin meh və sahilin sakit atmosferi burada istirahət edənlər üçün xoş şərait yaradır. Bir çox insanlar ilin gərgin iş rejimindən sonra məhz yay mövsümündə dincəlmək və enerjilərini bərpa etmək imkanı əldə edirlər.

Dəniz mövsümü təkcə günəşlənmək və qaralmaq demək deyil. Bu, eyni zamanda insanın özü ilə yenidən bağ qurması, gündəlik stresdən uzaqlaşması və həyatın sadə gözəlliklərini hiss etməsi üçün gözəl fürsətdir. Yay fəslinin ən sevilən istirahət məkanlarından biri olan dəniz sahilləri hər il minlərlə insanı özünə cəlb edir.

Lakin vətəndaşların çimərlik seçərkən diqqət yetirdikləri əsas məqamlar dəniz suyunun təmizliyi, sahilin sanitar vəziyyəti, qumun keyfiyyəti və ümumi təhlükəsizlik şəraitidir. Rahat və sağlam istirahət üçün məhz bu amillər xüsusi əhəmiyyət daşıyır.

Bəs görəsən, üz tutduğumuz çimərlikdə vəziyyət necədir? Dəniz suyunun təmizliyi və sahildə yaradılmış şərait sakinlərin gözləntilərinə cavab verirmi?

SİA mövzu ilə bağlı reportaj edib.

Məsələ ilə bağlı "Eldorado" Çimərlik Mərkəzinin rəhbəri Asif Məmmədov bizə bu ilin əsas yeniliklərindən bəhs etdi:

"Mövsüm artıq başlayıb. Ancaq hələlik insanların axını istədiyimiz səviyyədə deyil. Bunun əsas səbəbi hava şəraitidir. Bir gün hava yaxşı olur, digər günlər isə küləkli və ya yağışlı keçir. Buna görə də hələ bizi tam qane edən göstəricilər yoxdur.

Ərazinin təmizliyinə xüsusi diqqət yetirilir. Bu il əvvəlki illərlə müqayisədə daha intensiv təmizlik işləri aparılır. Sahilboyu ərazilər, dənizkənarı hissələr və istirahət zonaları mütəmadi olaraq təmizlənir. Gün ərzində bir neçə dəfə təmizlik işləri həyata keçirilir.

Təhlükəsizlik məsələlərinə də nəzarət olunur. Xilasedici heyət fəaliyyət göstərir və indiyədək ciddi problemlə qarşılaşmamışıq. Çimərliyimizin əsas üstünlükləri şəhərə yaxın yerləşməsi, təmizliyi, rahat şəraiti və ərazidə fəaliyyət göstərən xidmət obyektləridir. Restoran da günün 24 saatı ziyarətçilərin xidmətindədir".

Daha sonra şəhər sakinləridə yeni mövsümdə dənizin təmizliyi ilə bağlı öz fikirlərini bölüşdülər:

Şəhər sakini Taleh Mehdiyev: “Uzun illərdir bu çimərliyə gəlirik və demək olar ki, hər dəfə yüksək səviyyəli xidmətlə qarşılaşırıq. Təmizliklə bağlı heç bir narahatlığımız olmayıb, hər şey çox səliqəli və qaydasındadır. Çimərliyin ən böyük üstünlüklərindən biri şəhərə yaxın yerləşməsidir, bu da rahat gediş-gəliş imkanı yaradır. Eyni zamanda işçi heyəti də olduqca səmimi, diqqətli və məsuliyyətlidir. Ümumilikdə burada istirahət etmək həm rahat, həm də xoş təəssürat yaradır”.

Şəhər sakini Ülvi Ağakişiyev: “İyunun 16-dan etibarən artıq dəniz mövsümünü açıq elan etmişik və ailəmlə birlikdə Şıxov çimərliyinə üz tutmuşuq. Buranı seçməyimizin əsas səbəbi həm təmizliyi, həm də münasib qiymətləri ilə seçilməsidir. Deyə bilərəm ki, Şıxov ərazisində ən səliqəli və rahat çimərliklərdən biridir. Ailəvi istirahət üçün də olduqca uyğundur”.

Şəhər sakini Hüseyn Məmmədzadə: “Çimərliyin mənzərəsi həqiqətən çox gözəldir və insanı cəlb edir. Artıq iki gündür ardıcıl olaraq buraya gəlirik və hər dəfə eyni məmnuniyyətlə ayrılırıq. Qiymətlərin münasib olması da əlavə üstünlükdür. Dostlarım və tələbə yoldaşlarımla birlikdə burada piknik edərək vaxt keçirdik. İstirahət üçün çox uyğun bir məkandır”.

Şəhər sakini Amil Əliyev: “Dəniz mövsümü başlayan gündən etibarən mütəmadi olaraq buraya istirahətə gəlirik. Hər şey qaydasındadır – həm təmizlik, həm də xidmət səviyyəsi yüksəkdir. İnsanların rahat vaxt keçirməsi üçün bütün şərait yaradılıb. Mən də rahatlıqla hər kəsə buranı tövsiyə edə bilərəm”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə