Ev heyvanı saxlayan insanların sayının artması hansı sosial ehtiyacdan qaynaqlanır? - SOSİOLOQ DANIŞDI
"Şərq cəmiyyətlərində qədim dövrlərdən insanlar müxtəlif heyvanlar saxlamışlar. Mal-qara, qoyun-quzu, at, eşşək, dəvə, müxtəlif quş növləri əsasən ailənin maddi təminatı, təsərrüfat və gündəlik ehtiyacların qarşılanması məqsədilə istifadə olunurdu. Lakin bu gün ev heyvanlarına maraq dedikdə daha çox it, pişik, tısbağa, xamyak və buna bənzər heyvanlar nəzərdə tutulur".
Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Əvvəllər bu həyat tərzi daha çox slavyan və Qərb cəmiyyətlərində geniş yayılmış hesab edilirdi. Son 15–20 ildə isə bu tendensiyanın Şərq ölkələrində də sürətlə yayıldığını müşahidə edirik. Bunun arxasında müxtəlif sosial, iqtisadi və psixoloji səbəblər dayanır.
Səbəblərdən biri qlobal həyat tərzinin dəyişməsidir. Əvvəllər Şərq ailələri çoxuşaqlı olmağı planlaşdırırdısa, bu gün bir çox ailələr 1–2 uşaqla kifayətlənməyə üstünlük verir. Bunun səbəbləri arasında iqtisadi yük, həyat standartlarının yüksəlməsi, uşağın təhsili və gələcəyi üçün artan məsuliyyət hissi yer alır.
Müasir dövrdə bir çox ailələr qazandıqları maddi imkanları şəxsi inkişaf, istirahət və həyat keyfiyyətinin artırılmasına yönəltməyi seçirlər. Bəzi insanlar isə övlad sahibi olmaq əvəzinə və ya onu gecikdirərək emosional bağlılıq və gündəlik qayğı ehtiyacını ev heyvanları ilə qarşılamağa çalışırlar.
Digər mühüm səbəblərdən biri də sosial və psixoloji gərginlikdir. Sosial şəbəkələrin təsiri, rəqabətli iş mühiti və artan həyat tempinin yaratdığı stress insanlarda emosional dəstəyə ehtiyac yaradır. Ev heyvanları isə bir çox insan üçün sədaqət, sakitlik və gündəlik emosional rahatlıq mənbəyi kimi qəbul edilir.
Bəzi hallarda ailə qurmağın gecikdirilməsi, karyera planları və fərdi həyat tərzinə üstünlük verilməsi də bu tendensiyanı gücləndirir. Xüsusilə böyük şəhərlərdə bəzi gənclər ailə və övlad məsuliyyətinə hazır olmadıqlarını düşünərək ev heyvanı saxlamağa üstünlük verirlər.
Bununla yanaşı, dini və ənənəvi baxış bucağından yanaşanlar hesab edirlər ki, insanın təbii və ilahi düzəni ailə qurmaq, nəsli davam etdirmək və cəmiyyətin inkişafına töhfə verməkdir. Bu yanaşmaya görə, kişi və qadın ailə quraraq bir-birini tamamlayır və övlad yetişdirmək insan həyatının mühüm mərhələlərindən biridir.
İslam düşüncəsində də ailənin və nəslin davamının əhəmiyyəti vurğulanır. Qurani-Kərimdə kişi və qadının bir-birinin “libası” olduğu bildirilir və ailə institutu cəmiyyətin əsas dayaqlarından biri kimi təqdim olunur.
Demək olar ki, ev heyvanlarına marağın artması tək bir səbəblə izah olunmur. Burada iqtisadi şərait, sosial dəyişikliklər, psixoloji ehtiyaclar, fərdi seçimlər və dünyagörüşü amilləri birlikdə rol oynayır. Bununla belə, ev heyvanları insan həyatına sevinc və rahatlıq qata bilsə də, ailə münasibətlərinin və insan bağlarının yerini tam şəkildə tutması məsələsi birmənalı olaraq mümkün deyildir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB