Təhsil sahəsində müzakirə olunan yeni dəyişikliklərdən biri də müəllimlərin geyimi ilə bağlı tələblərin hüquqi əsaslarının müəyyənləşdirilməsidir. Layihəyə görə, bu yanaşma məktəblərdə peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da gücləndirilməsinə xidmət etməlidir. Dünyanın bir çox ölkələrində tətbiq olunan bu təcrübənin Azərbaycan məktəblərinə necə təsir göstərəcəyi isə maraq doğurur. Bəs müəllimlər üçün geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinə nə vəd edir? Müəllimlərin geyimi ilə bağlı hüquqi tələblərin tətbiqini necə qiymətləndirirsiniz? Bu addım məktəb mühitinə və müəllim nüfuzuna hansı təsirləri göstərə bilər?
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, məktəblilərin, şagirdlərin vahid məktəbli formasına keçməsi təqdirəlayiq haldır:
“Bu, şagirdlər arasında ayrı-seçkiliyi və qeyri-bərabər münasibətləri müəyyən qədər aradan qaldırır, tarazlıq yaradır. Bu baxımdan əhəmiyyətlidir. Bir şagird digərinə qarşı stigmatik yanaşa bilmir, az təminatlı ailədən olan şagirdlə imkanlı ailədən olan şagird arasındakı fərq vizual olaraq hiss olunmur. Bu da təhsil mühitinə və dərs keyfiyyətinə müsbət təsir göstərir. Uniforma və bərabər geyim tərzi şagirdlər arasında bərabərlik hissini gücləndirir.
Amma bunun təhsil verənlərə, yəni müəllimlərə də şamil edilməsini uğurlu təşəbbüs hesab etmirəm. Çünki müəllimlər üçün bu, yeknəsəq və boz bir mühit yarada bilər. Nəzərə almaq lazımdır ki, müəllimlər dərsdən sonra da müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Bu baxımdan uniformaya keçidi məqsədəuyğun hesab etmirəm.
Ən əsası isə odur ki, şagird müəllimdən yalnız bilik deyil, həm də geyim mədəniyyəti və zövq öyrənir. Şagirdin estetik zövqünün formalaşmasında müəllimin davranışı ilə yanaşı, geyim tərzi də mühüm rol oynayır. Əgər müəllimlər də uniformaya keçsələr, bu, məktəb mühitini daha yeknəsəq və darıxdırıcı edə bilər.
Hesab edirəm ki, bu təklif uğurlu deyil. Müəllim sadəcə səliqəli, ciddi və məktəbin spesifikasına uyğun şəkildə geyinməlidir. Lakin vahid uniformanın tətbiqini məqsədəuyğun hesab etmirəm.
Düşünürəm ki, bu məsələdə məcburiyyət olmamalı, müəllimlərin geyim seçimində müəyyən azadlığı qorunmalıdır. Bu, onların öz fərdiliyini ifadə etməsinə və iş mühitinin daha rahat olmasına kömək edə bilər. Ona görə də hesab edirəm ki, bu sahədə sərt tələblər və imperativ yanaşmalar tətbiq edilməməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB