“Müasir dövrdə Media və Yayım Şurasının fəaliyyəti daha operativ ola bilər” - ŞƏRH

“Müasir dövrdə Media və Yayım Şurasının fəaliyyəti daha operativ ola bilər” - ŞƏRH

“Son günlər Azərbaycan Respublikasında Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin fəaliyyətinin birləşdirilməsi, uzlaşdırılması və optimallaşdırılması haqqında qanun layihəsi müzakirə olunur. İlk növbədə demək lazımdır ki, bu, zamanın tələbindən irəli gələn bir məsələdir. Bir müddət öncəyə qədər medianın ayrıca platformaları var idi. Yazılı media və çap mediası bir platformada, televiziya və radio kimi audiovizual media isə başqa bir platformada fəaliyyət göstərirdi”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Yadigar Məmmədli deyib.

Onun sözlərinə görə, lakin zaman dəyişib və bu fəaliyyət sahələri artıq bir-birinə çox yaxınlaşıb, hətta iç-içə keçib:

“Məsələn, xəbər portallarında həm yazılı xəbərlər təqdim olunur, həm də həmin xəbərlərlə bağlı video materiallar yayımlanır. Xəbərlərin video formatda təqdim edilməsi artıq adi hala çevrilib.

Bu vəziyyətdə belə bir sual yaranırdı: hər hansı xəbər portalının yazılı hissəsinə Medianın İnkişafı Agentliyi, video məzmununa isə Audiovizual Şura nəzarət etməlidirmi? Bu isə müəyyən ziddiyyətlər və səlahiyyət bölgüsü ilə bağlı suallar ortaya çıxarırdı. Yəni qanunvericiliyin tələblərinə əməl olunmasına görə hansı qurumun daha çox məsuliyyət daşıdığı məsələsi müzakirə mövzusu olurdu.

Məhz buna görə belə bir uzlaşma modeli meydana çıxdı. Hesab edirəm ki, bu qanun mütərəqqi və irəliyə doğru atılmış bir addımdır. Platformaların iç-içə keçdiyi müasir dövrdə Media və Yayım Şurasının fəaliyyəti daha operativ və səmərəli ola bilər.

Həm hadisələrə münasibətdə, həm də kollegial qərarvermə baxımından bu model sahədə mövcud olan müəyyən problemlərin aradan qaldırılmasına kömək edəcək. Əsas məqsəd jurnalistlərin cəmiyyətə təqdim etdikləri məlumatlarda peşə prinsiplərinə sadiq qalması və etik qaydaların qorunmasıdır.

Etik normaların və qanunvericiliyin tələblərinin icrasına nəzarət məsələsində kollegial idarəetmə modeli daha çevik və operativ fəaliyyət göstərməyə imkan verəcək”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə