“Yüksək təzyiq infarkt və insult üçün ən mühüm risk faktorlarından biri sayılır” - EKSPERT DANIŞDI

“Yüksək təzyiq infarkt və insult üçün ən mühüm risk faktorlarından biri sayılır” - EKSPERT DANIŞDI

“Şoraba və onun suyunun sağlamlığa təsiri barədə danışarkən əsas diqqət turşuluqdan çox, yüksək duz tərkibinə yönəlir. Şoraba suyu natriumla zəngin olduğundan, həddindən artıq qəbul edildikdə arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər”.

Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, əsas səbəblərindən biri orqanizmdə mayenin saxlanılmasıdır. Natriumun miqdarı artdıqda bədən daha çox su tutmağa başlayır:

”Nəticədə qan dövranındakı maye həcmi artır və bu da damarlar üzərində təzyiq yaradır. Xüsusilə duza həssas şəxslərdə və yüksək təzyiq problemi olan insanlarda bu təsir daha güclü müşahidə olunur.

Yüksək duz qəbulu damarların funksiyasına da mənfi təsir göstərə bilər. Damarların elastikliyi azaldıqda onların genişlənməsi çətinləşir, bu isə qan təzyiqinin daha asan yüksəlməsinə gətirib çıxarır. Uzun müddət davam edən belə vəziyyət ürəyin iş yükünü artıraraq ürək-damar xəstəliklərinin yaranma riskini yüksəldə bilər.

Şoraba birbaşa infarkt və ya insultun səbəbi hesab olunmur. Lakin onun tərkibindəki yüksək duz miqdarı arterial təzyiqin artmasına şərait yaradır. Yüksək təzyiq isə infarkt və insult üçün ən mühüm risk faktorlarından biri sayılır.

Risk yaradan əsas komponent məhz duzdur. Mütəxəssislər böyüklər üçün gündəlik duz qəbulunun təxminən 5 qramı keçməməsini tövsiyə edirlər. Şoraba və xüsusilə onun suyunun tez-tez istifadəsi bu normanın asanlıqla aşılmasına səbəb ola bilər.

Bəzi konservləşdirilmiş məhsullarda əlavə natrium tərkibli maddələr də mövcuddur. Mononatrium qlutamat, natrium benzoat və digər natrium əsaslı əlavələr ümumi natrium yükünü artıraraq təzyiqə mənfi təsir göstərə bilər.

Bundan başqa, bəzi marinad növlərinə şəkər də əlavə edilir. Şəkər birbaşa təzyiqi artırmasa da, artıq çəki, maddələr mübadiləsi pozğunluqları və ürək-damar xəstəlikləri riskinin yüksəlməsi ilə əlaqələndirilir. Buna görə də şoraba və konserv məhsullarının istifadəsində ölçülü olmaq sağlamlıq baxımından daha məqsədəuyğundur”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə