"Ehtiyacı olan ailələrə edilən yardımın şəkillərinin çəkilib paylaşılması düzgün deyil” - PSİXOLOQ DANIŞDI

"Ehtiyacı olan ailələrə edilən yardımın şəkillərinin çəkilib paylaşılması düzgün deyil” - PSİXOLOQ DANIŞDI

"İmkansız ailələrə, kimsəsiz uşaqlara və yaşlı insanlara edilən yardımların paylaşılmamasının daha doğru olduğunu düşünürəm". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, bununla belə, bəzən görülən xeyriyyə işlərinin ictimaiyyətə təqdim edilməsi digər insanları da həvəsləndirə və onları bu cür xeyirxah fəaliyyətlərə qoşulmağa təşviq edə bilər: "Bu baxımdan müəyyən məlumatların paylaşılması məqbul hesab oluna bilər.

Məsələn, bu fəaliyyətlərlə bağlı gündəlik məlumatlar yazılı formada paylaşılarsa, daha uyğun olar. Şəkillərin paylaşılması isə mənə görə o qədər də doğru deyil. Təəssüf ki, bir çox sayt və sosial şəbəkələrdə yardım alan insanların şəkilləri yayımlanır. Bu isə həmin şəxslərin özlərini, həm də yaxınlarını narahat edə bilər.

Digər tərəfdən, sosial cəhətdən həssas qruplara edilən yardımların müəyyən dərəcədə sənədləşdirilməsi xeyriyyə təşkilatları üçün vacibdir.
Xeyriyyə təşkilatları ödədikləri vəsaitin həqiqətən ehtiyacı olan insanlara çatdığına əmin olmaq istəyirlər. Bu səbəbdən şəkillərin çəkilməsi başa düşüləndir. Lakin həmin şəkillər yalnız hesabat məqsədilə istifadə oluna və ictimai şəkildə paylaşılmaya bilər.

Sosial şəbəkələrdə bu yardımların reklam xarakterli formada təqdim edilməsinin mənfi tərəflərinin daha çox olduğunu düşünürəm. Bu, yardım alan insanlarda yetərsizlik hissi, özgüvənsizlik və psixoloji narahatlıq yarada bilər. Onsuz da çətin həyat şəraitində olan insanların üzərinə əlavə psixoloji yük qoymuş oluruq.

Psixoloq olaraq bu mövzuya çox həssas yanaşıram. Hətta şəhid və qazi ailələrinə edilən yardımların da ictimai şəkildə paylaşılmasının tərəfdarı deyiləm. Sertifikatlar, görülən işlərlə bağlı ümumi hesabatlar və statistika paylaşmaq olar. Lakin konkret insanlara edilən maddi yardımların, verilən pulların və ya digər dəstəklərin nümayiş etdirilməsini düzgün hesab etmirəm. Xeyriyyə fəaliyyəti ilk növbədə insan ləyaqətini qorumağa xidmət etməlidir".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə