Köhnə binalar daha möhkəmdir, yoxsa yeni tikililər daha etibarlıdır? - EKSPERT AÇIQLADI
Son illər mənzil bazarında köhnə və yeni tikililər arasında seçim məsələsi aktual mövzulardan birinə çevrilib. Bir tərəfdə uzun illərdir istifadə olunan köhnə binalar, digər tərəfdə isə müasir standartlarla inşa edilən yeni yaşayış kompleksləri dayanır. Alıcılar isə çox vaxt hansı variantın daha təhlükəsiz olduğu sualı ilə üz-üzə qalırlar. Köhnə binaların əsas üstünlüyü və zəif tərəfi nədir? Köhnə binalar daha möhkəmdir, yoxsa yeni tikililər daha etibarlıdır? Yeni tikililərdə təhlükəsizlik baxımından ən çox nəyə diqqət edilir?
Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, istənilən tikilinin müəyyən istismar müddəti var:
"Həmin istismar müddəti başa çatdıqda, kateqoriyasından asılı olmayaraq, həmin tikilidə yaşamaq müəyyən risk daşıyır. Bu risk betonun, armaturun köhnəlməsi, bünövrənin zəifləməsi, torpaq qatında çökmələrin yaranması və digər amillərlə bağlı ola bilər.
Lakin istismar müddətinin başa çatması o demək deyil ki, bina mütləq qəzalı vəziyyətdədir. İstismar müddəti ona görə müəyyən edilir ki, zaman keçdikcə tikintidə istifadə olunan materialların və konstruktiv elementlərin keyfiyyətində müəyyən dəyişikliklər baş verir. Beton, armatur və digər materiallar zamanın təsirindən aşınır və öz ilkin xüsusiyyətlərinin bir hissəsini itirə bilər. Hər bir tikilinin, kateqoriyasından asılı olmayaraq, müəyyən istismar müddəti mövcuddur. Bu müddət başa çatdıqda həmin tikilidən istifadə etmək müəyyən risklər yarada bilər.
Yeni binalara gəldikdə isə, Azərbaycanda müstəqillik əldə edildikdən sonra tikilən binalar əsasən müasir standartlara uyğun inşa olunub. Sovet dövrü ilə müqayisədə bu gün tikinti standartları daha yüksək səviyyədədir. Müasir binaların layihələndirilməsi zamanı ərazinin geoloji quruluşu, yerləşdiyi məkan, istifadə olunan materialların keyfiyyəti və digər mühüm amillər nəzərə alınır. Armaturun növü, sementin markası və digər texniki göstəricilər müasir tikinti norma və qaydalarına uyğun hesablanır. Bu səbəbdən də müasir standartlarla tikilən binalar əvvəlki dövrlərdə inşa edilmiş binalarla müqayisədə daha təhlükəsiz hesab olunur.
Əlbəttə, bunu bütün binalara şamil etmək olmaz. Elə hallar ola bilər ki, hansısa tikinti şirkəti işini lazımi səviyyədə yerinə yetirməsin və ya müəyyən standartlardan kənara çıxsın. Lakin bu hallar ümumi tikinti sektorunun çox kiçik bir hissəsini təşkil edir. Yeni binaların əksəriyyəti xüsusi layihələr əsasında tikilir və tikinti prosesinə ciddi nəzarət olunur. İstər istifadə olunan materialların keyfiyyəti, istərsə də konstruktiv elementlərin yerləşdirilməsi əvvəlcədən müəyyən edilmiş standartlara uyğun həyata keçirilir. Buna görə də müasir binalar köhnə tikililərlə müqayisədə daha əlverişli və təhlükəsiz hesab olunur. Sovet dövründə tikilmiş binaların isə əksəriyyətinin istismar müddəti artıq başa çatıb və ya sona yaxınlaşıb. Vaxt keçdikcə beton və armaturun keyfiyyəti azalır, torpaq qatında çökmələr və digər risklər yarana bilir. Bu səbəbdən həmin binalarda yaşamaq daha riskli hesab oluna bilər.
Bundan əlavə, köhnə binalarda sonradan edilən qanunsuz müdaxilələr də təhlükəni artırır. Bəzi hallarda sakinlər mənzilləri genişləndirmək və ya planlaşdırmanı dəyişmək məqsədilə daşıyıcı divarlara müdaxilə ediblər. Bu isə binanın ümumi dayanıqlılığına mənfi təsir göstərir. Qəzalı vəziyyətdə olan yataqxanalar və digər köhnə tikililər də mövcuddur. Buna görə də köhnə bina alarkən yalnız xarici görünüşə əsaslanmaq düzgün deyil. Binanın texniki vəziyyəti, qəzalı olub-olmaması və istismar müddəti barədə ətraflı məlumat toplamaq vacibdir.
Əgər bina qəzalı vəziyyətdə deyilsə və texniki baxımdan təhlükəsiz hesab olunursa, köhnə binalardan da mənzil almaq mümkündür. Lakin insanlar daha çox yeni binalara üstünlük verirlər. Bunun əsas səbəblərindən biri həmin binaların yeni tikilməsi və istismar müddətinin başa çatmasına hələ uzun illərin qalmasıdır. Yeni binalarda da müəyyən problemlər yarana bilər. Məsələn, bəzi binalar istifadəyə tam hazır olmadan təhvil verilir və ya tikinti işləri uzun müddət yarımçıq qalır. Lakin bu halları bütün tikinti şirkətlərinə aid etmək doğru deyil. Yeni bina seçərkən tikinti şirkətinin fəaliyyəti, nüfuzu, tikintinin başlama və təhvil tarixləri, eləcə də əvvəlki layihələri araşdırılmalıdır. Şirkətin digər layihələri ilə tanış olmaq və həmin binalarda yaşayan insanların rəylərini öyrənmək faydalıdır. Köhnə bina seçərkən isə qonşulardan, aidiyyəti qurumlardan və ərazidə yaşayan sakinlərdən bina haqqında məlumat almaq məqsədəuyğundur. Əgər bina təhlükəsizdirsə, qəzalı vəziyyətdə deyilsə və istismar müddəti ilə bağlı ciddi problem yoxdursa, həmin mənzili almaq mümkündür. Nəticə etibarilə, müasir tikinti standartlarına uyğun, ciddi nəzarət altında inşa olunan yeni binalar sovet dövründə tikilmiş binalarla müqayisədə daha keyfiyyətli, daha möhkəm və daha təhlükəsiz hesab olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB