"Hər bir uşaq üçün diaqnozuna uyğun fərdi reabilitasiya proqramı hazırlanır" - Səbuhi Soltanov

“Müəssisəmizdə loqopedik və sosial reabilitasiya xidmətləri həyata keçirilir. Ay ərzində bu xidmətlərdən təxminən 40-60 uşaq yararlana bilir”.

SİA xəbər verir ki, bu sözləri Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin loqopedi Səbuhi Soltanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müəssisədə müxtəlif ixtisaslar üzrə mütəxəssislər fəaliyyət göstərir və hər bir uşaq üçün diaqnozuna uyğun fərdi reabilitasiya proqramı hazırlanır. Bu proqram əsasında 3-6 ay, bəzi hallarda isə daha uzun müddət ərzində reabilitasiya tədbirləri həyata keçirilir.

Səbuhi Soltanov qeyd edib ki, komandada loqoped, psixoloq və digər mütəxəssislər çalışır: “Əsas məqsəd uşaqların özünüifadə bacarıqlarını, nitqini və müxtəlif situasiyalarda fikirlərini ifadə etmək qabiliyyətini inkişaf etdirməkdir”.

Onun sözlərinə görə, nitq bacarıqları hər uşaqda fərqli olduğundan reabilitasiya prosesi də mərhələli şəkildə təşkil edilir: “Əgər uşaq səsləri tələffüz edə bilirsə, ona əvvəlcə hecalar, daha sonra sözlər, söz birləşmələri və cümlələr öyrədilir. Bu proses nitq bacarıqları mümkün olan səviyyədə formalaşana qədər davam edir”.

Loqoped vurğulayıb ki, inkişaf pozuntusu olan uşaqlarla işlənildiyi üçün hər zaman tam nəticə əldə etmək mümkün olmasa da, hər bir uşağın potensialına uyğun inkişafı üçün davamlı və məqsədyönlü fəaliyyət göstərilir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə