“Uşaqların inkişafında sevgi və doğru terapiya metodları əsas rol oynayır” - PSİXOLOQ

“Ən çox istifadə olunan terapiya metodlarından tətbiqi davranış analizi (ABA terapiyası), art terapiya, nağıl terapiyası, oyun terapiyası və musiqi terapiyasını qeyd edə bilərik. Bundan əlavə, uşaqların inkişafına dəstək verən digər üsullardan, məsələn, su terapiyasından da istifadə olunur”.

SİA xəbər verir ki, bu sözləri Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin psixoloqu Könül Babaşzadə jurnalistlərə açıqlamasında deyib.

Psixoloq bildirib ki, müəssisədə uşaqların fərdi ehtiyaclarına uyğun müxtəlif terapiya metodlarından istifadə edilir və onların inkişafına töhfə verə biləcək bütün effektiv yanaşmalar tətbiq olunur.

Könül Babaşzadə qeyd edib ki, əsas məqsəd uşaqların davranışlarının tənzimlənməsi, sosial ünsiyyət bacarıqlarının formalaşdırılması və özünüifadə imkanlarının genişləndirilməsidir.

O vurğulayıb ki, əsas hədəf uşaqların cəmiyyətə uğurlu inteqrasiyasını təmin etməkdir: “Bunun üçün isə ən çox ehtiyac duyduğumuz amillər sevgi, qayğı, diqqət və anlayışdır. Uşaqların inkişafında məhz bu dəyərlər xüsusi rol oynayır”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə