"Yay mövsümündə tez xarab olan məhsullar və onların qorunma yolları" - QİDA MÜTƏXƏSSİSİ DANIŞDI

"Yüksək risk qrupuna aid olan qidalar xüsusilə yay mövsümündə, temperaturun yüksək olduğu dövrlərdə daha tez xarab olmağa meyillidir".

Bu fikirləri SİA-ya açıqlamasında qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, bu qidaların tərkibində mikroorqanizmlər, xüsusilə bakteriyalar, viruslar və kif göbələkləri asanlıqla çoxala bildiyi üçün qida zəhərlənməsi riskini artırır: "Buna görə də həm çiy, həm də bişirilmiş qidaların saxlanılması zamanı soyuq qida zəncirinə ciddi şəkildə riayət olunmalıdır.

Heyvan mənşəli qidalar zülalla zəngin olduqları üçün daha tez xarab olurlar. Bu qrupda ilk növbədə ət və ət məhsulları yer alır. İstər çiy ət, istər emal olunmuş ət məhsulları, istərsə də bişirilmiş ət yeməkləri düzgün şəraitdə saxlanılmalıdır. Qidalar yalnız istehlak olunacaq qədər bişirilməli, hazırlanma zamanı çiy məhsullarla təmasda olan doğrama lövhələri, bıçaqlar və digər mətbəx ləvazimatları təmiz saxlanmalıdır. Bişirmədən sonra da sanitariya və gigiyena qaydalarına əməl edilməlidir.

Digər risk qrupuna süd və süd məhsulları daxildir. Bu məhsullar tez xarab olduğundan onların mənşəyi məlum olan yerlərdən alınması vacibdir. Təbii və konservantsız məhsullar daha qısa müddətdə xarab ola bildiyi üçün təzə halda istehlak edilməli və soyuducuda saxlanmalıdır.

Balıq və digər dəniz məhsulları da yüksək riskli qidalar sırasındadır. Bu məhsulları alarkən və qəbul edərkən onların təzəliyinə xüsusi diqqət yetirilməlidir.

Yumurta, həm çiy, həm də bişirilmiş formada risk qrupuna daxildir. Yumurtadan hazırlanan souslar, mayonezlər, kremlər, eləcə də çiy və ya az bişmiş yumurtadan istifadə olunan çizkeyk, tiramisu və digər şirniyyatlar düzgün temperaturda saxlanılmalı və yalnız təzə məhsullardan hazırlanmalıdır.

Mövsümündə olmayan meyvə və tərəvəzlərin alınması və saxlanılması zamanı da diqqətli olmaq lazımdır. Bu məhsulların yetişdirilməsi zamanı istifadə olunan bəzi kimyəvi maddələr və gübrələr xüsusilə azyaşlılar, yaşlı insanlar, xroniki xəstəlikləri olan şəxslər, hamilə və süd verən qadınlar, həmçinin immun sistemi zəif olan insanlar üçün risk yarada bilər.

Meyvə və tərəvəzlər istifadə edilməzdən əvvəl mütləq yaxşı yuyulmalıdır. Yuyulmamış məhsulların qabığında olan mikroorqanizmlər kəsilmə zamanı məhsulun daxilinə keçə bilər. Xüsusilə meyvə salatları, smuzilər və qarışıq tərəvəz salatlarında bu risk daha yüksəkdir.

Qida məhsulları alınarkən onların mənşəyinin məlum olması vacibdir. Unutmaq olmaz ki, hər zaman yalnız keyfiyyətsiz məhsullar zəhərlənməyə səbəb olmur. Keyfiyyətli məhsullar da düzgün saxlanılmadıqda bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilə bilər.

Qış mövsümündə bişirilmiş qidanı otaq temperaturunda təxminən iki saat saxlamaq mümkün olduğu halda, yay aylarında bu müddət 30 dəqiqəyə qədər azalır. Buna görə də hazır yeməklər mümkün qədər tez soyuducuya yerləşdirilməlidir.

Qidaların saxlanıldığı qablar da böyük əhəmiyyət daşıyır. Məhsulların şüşə və ya qida üçün nəzərdə tutulmuş təhlükəsiz qablarda saxlanılması onların keyfiyyətinin və təhlükəsizliyinin qorunmasına kömək edir".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə