"Yeniyetmələrdə ən çox rast gəlinən psixoloji problemlər və onların səbəbləri" - PSİXOLOQ DANIŞDI
"Yeniyetmələr arasında ən çox rast gəlinən problemlərdən biri oğlanlarda aqressiv davranışların, qızlarda isə emosional və həssas reaksiyaların daha qabarıq şəkildə özünü göstərməsidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, bu hallar yeniyetməlik dövrünün psixoloji xüsusiyyətləri ilə əlaqədardır və hər zaman ciddi psixoloji pozuntu hesab olunmasa da, diqqət tələb edən məsələlərdir: "Yeniyetmələrin azadlığa meyli, öz fikirlərinə və seçimlərinə üstünlük vermələri, valideyn məsləhətlərini bəzən qəbul etməmələri bu dövrün xarakterik xüsusiyyətlərindəndir. Onlar özlərinə məxsus həyat qurmaq, daha çox gəzmək, əylənmək və dostları ilə vaxt keçirmək istəyirlər. Bu səbəbdən bəzi hallarda təhsilə maraq azalır və valideynlərin ən çox səsləndirdiyi şikayətlərdən biri “Uşağım oxumur”, “Dərsə maraq göstərmir” və ya “Diqqətini cəmləyə bilmir” kimi ifadələr olur.
Xüsusilə oğlanlarda etirazkarlıq, valideyn fikirləri ilə razılaşmamaq, qaydalara qarşı çıxmaq və gərgin davranışlar daha çox müşahidə edilir. Qızlarda isə emosionallıq, həssaslıq, duyğusallıq və daxili gərginlik daha qabarıq şəkildə özünü göstərir. Bəzən ailədaxili təzyiqlər, həddindən artıq nəzarət və ya valideynlərin yüksək gözləntiləri bu problemlərin dərinləşməsinə səbəb olur.
Yeniyetmənin şəxsiyyətinin formalaşmasında ailənin, məktəbin və cəmiyyətin rolu olduqca böyükdür. Valideyn münasibətləri, müəllimlərin yanaşması və sosial mühit onun psixoloji inkişafına birbaşa təsir göstərir. Bununla yanaşı, bəzi hallarda yeniyetmənin düşdüyü dost mühiti və ətraf çevrə ailə və məktəbdən daha güclü təsir göstərə bilir. Buna görə də yeniyetmələrin sağlam inkişafı üçün ailə, məktəb və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsi vacibdir".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB