"Elektron kitablar müasir dövrdə oxu mədəniyyətinin ayrılmaz hissəsinə çevrilir" - SOSİOLOQ DANIŞDI

"Müasir dövrdə dördüncü sənaye inqilabının təsiri ilə elm, texnologiya, sosial və mədəni sahələrdə böyük transformasiyalar baş verir. Bu dəyişikliklər insanların gündəlik həyatına, davranışlarına və informasiya əldə etmə üsullarına da təsir göstərir".

Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov bildirib.

Onun sözlərinə görə, oxu və yazı mədəniyyətində müşahidə olunan yeniliklər bunun ən bariz nümunələrindən biridir. Həm kağız, həm də elektron kitabların öz üstünlükləri və çatışmazlıqları mövcuddur. Elektron kitabların əsas üstünlüklərindən biri ətraf mühitin qorunmasına töhfə verməsidir. Çünki kağız kitabların nəşri zamanı ağac və digər təbii resurslardan istifadə olunur. Elektron resurslar isə bu baxımdan daha qənaətcil hesab edilir və təbii resursların istehlakını azaltmağa kömək edir.

Elektron kitabların digər mühüm üstünlüyü əlçatanlıqdır. İnternet bağlantısı olan istənilən şəxs smartfon, planşet və ya kompüter vasitəsilə dünyanın müxtəlif kitabxanalarının elektron resurslarından istifadə edə, istədiyi kitabı qısa zamanda əldə edə bilir. Kağız kitabların əldə olunması isə bəzən kitab mağazalarına və ya kitabxanalara müraciət etməyi tələb edir.

Uzun müddət elektron cihazlardan istifadənin sağlamlığa müəyyən təsirlər göstərə biləcəyini qeyd edirlər. Lakin məzmun baxımından kağız və elektron kitablar arasında ciddi fərq yoxdur. Əsas məqsəd məlumat əldə etmək və bilik qazanmaqdır.

Zaman dəyişdikcə insanların informasiya əldə etmə üsulları da dəyişir. Dördüncü sənaye inqilabı və süni intellekt texnologiyalarının inkişafı yeni imkanlar yaradır. Bu şəraitdə elektron resurslardan istifadə getdikcə genişlənir və insanların bilik mənbələrinə çıxışını asanlaşdırır.

Texnoloji yeniliklərə qarşı çıxmaq əvəzinə, onlardan məqsədyönlü və səmərəli şəkildə istifadə etmək vacibdir. Çünki cəmiyyətin inkişafı yeni elmi-texnoloji nailiyyətlərlə uzlaşmaqdan keçir. Elektron kitablar da bu inkişafın ayrılmaz hissələrindən biri kimi qiymətləndirilir.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə