"Qəhvənin mütəmadi istifadəsi ilə bağlı aparılan araşdırmalar göstərir ki, həddindən artıq və davamlı qəhvə qəbulu müəyyən dərəcədə asılılıq yarada bilər. Xüsusilə hər gün qəhvə içməyə alışan insanlarda qəhvə qəbul edilmədikdə yorğunluq, əsəbilik, diqqətin azalması və hətta əl titrəmələri kimi hallar müşahidə oluna bilər".
Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
.jpg)
Onun sözlərinə görə, bir çox insanlar qəhvənin yorğunluğu tam aradan qaldırdığını düşünsələr də, əslində qəhvə yalnız qısa müddətli stimulverici təsir göstərir: "Davamlı istifadə zamanı orqanizm kofeinə öyrəşir və qəhvə qəbul edilmədikdə insan özünü daha yorğun hiss edə bilər.
Azqarına qəhvə içilməsi isə xüsusilə mədə həssaslığı olan insanlar üçün tövsiyə edilmir. Bu vərdiş zamanla qastrit, mədə turşuluğunun artması, mədə selikli qişasının qıcıqlanması və bəzi hallarda mədə xorası kimi problemlərin yaranmasına və ya mövcud problemlərin şiddətlənməsinə səbəb ola bilər.
Həmçinin nəzərə almaq lazımdır ki, bəzi hazır qəhvə məhsullarının tərkibində şəkərin miqdarı yüksək olur. Bu cür məhsulların həddindən artıq istifadəsi artıq çəki, insulin müqaviməti və şəkərli diabet riskinin artmasına səbəb ola bilər.
Qəhvənin qəbul vaxtına gəldikdə isə onu azqarına içmək əvəzinə, yeməkdən sonra qəbul etmək daha məqsədəuyğundur. Mütəxəssislər yeməklə qəhvə qəbulu arasında təxminən bir saatlıq fasilə saxlanılmasını tövsiyə edirlər. Bu, həm həzm sisteminin normal fəaliyyətinə kömək edir, həm də qəhvənin mənfi təsirlərini azaltmağa imkan verir.
Unutmaq olmaz ki, hər bir qida və içki kimi qəhvə də normada qəbul edildikdə faydalı ola bilər. Həddindən artıq istifadə isə sağlamlıq problemlərinə yol aça bilər. Buna görə də qəhvədən ölçülü və balanslı şəkildə istifadə etmək tövsiyə olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB