"Gənclərin kəndlərə qayıdışını stimullaşdırmaq üçün yeni imkanlar yaradılmalıdır" - İQTİSADÇI DANIŞDI
Hazırda gənclər daha çox şəhər həyatına, sosiallaşma imkanlarına və komfortlu iş şəraitinə üstünlük verirlər. Xüsusilə ali təhsil alan gənclərin əksəriyyəti ofis və intellektual əmək tələb edən işlərə maraq göstərir, bu səbəbdən də doğulduqları kəndlərə qayıtmağa həvəsli olmurlar.
Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri kənd yerlərində bəzi kommunal xidmətlərin, yüksək sürətli internetin, sosial və mədəni obyektlərin, əyləncə mərkəzlərinin, eləcə də iş imkanlarının məhdud olmasıdır. Nəticədə şəhər həyatı gənclərə daha cəlbedici görünür.
Gənclərin kəndlərə qayıdışını təşviq etmək üçün dövlət tərəfindən xüsusi proqramlar hazırlanmalıdır. Sahibkarlıq və fermer təsərrüfatlarının inkişafı üçün yeni imkanların yaradılması, güzəştli kreditlərin və subsidiyaların ayrılması bu istiqamətdə mühüm rol oynaya bilər.
Bununla yanaşı, kənd təsərrüfatında mövsümi məşğulluq problemi də gənclərin kənd həyatından uzaqlaşmasına təsir göstərir. Bir çox hallarda insanlar müəyyən müddət işlədikdən sonra işsiz qalırlar. Bu səbəbdən kəndlərdə emal müəssisələrinin və kiçik istehsal sahələrinin yaradılması, ilboyu məşğulluğun təmin edilməsi vacib hesab olunur.
Eyyub Kərimli həmçinin vurğulayır ki, innovativ aqrar texnologiyaların tətbiqi fiziki əməyin yükünü azalda, kənd təsərrüfatını daha cəlbedici və səmərəli sahəyə çevirə bilər. Müasir texnologiyaların istifadəsi həm məhsuldarlığın artmasına, həm də gənclərin bu sahəyə marağının yüksəlməsinə şərait yaradar.
Eyni zamanda, regionlarda şəhər standartlarına yaxın sosial mühitin formalaşdırılması, mədəniyyət və əyləncə mərkəzlərinin inkişaf etdirilməsi, kommunal xidmətlərin keyfiyyətinin artırılması gənclərin kəndlərdə yaşayıb işləməsinə müsbət təsir göstərə bilər.
Kompleks yanaşma və davamlı dəstək mexanizmləri sayəsində gənclərin regionlarda biznes fəaliyyəti ilə məşğul olması, kənd təsərrüfatına marağının artması və kəndlərin sosial-iqtisadi inkişafı sürətlənə bilər.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB