“Az yeyirəm, amma kökəlirəm” fikri nə ilə bağlı ola bilər? - EKSPERT AÇIQLADI

"“Az yeyirəm, amma kökəlirəm” fikri bir çox insanda rast gəlinir və bunun arxasında müxtəlif səbəblər dayana bilər. Əslində, bəzən insan həqiqətən az yeməsinə baxmayaraq çəki artımı yaşayır, bəzən isə fərqində olmadan qəbul edilən kalorilər yüksək olur".

Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, ən çox rast gəlinən səbəblərdən biri hərəkətsiz həyat tərzidir: "Gün ərzində enerji sərfiyyatı az olduqda, qəbul edilən qida miqdarı çox olmasa belə, bədən artıq enerjini yağ kimi toplaya bilər.

Digər vacib səbəblərdən biri yuxu və stress faktorudur. Uzunmüddətli stress və yuxusuzluq iştah hormonlarına təsir edir, maddələr mübadiləsini yavaşladır və xüsusilə qarın nahiyəsində yağlanmanı artırır.

Bəzi hallarda problem qidalanmanın keyfiyyəti ilə bağlı olur. İnsan az porsiya yeyə bilər, amma yüksək kalorili qidalar, şirniyyatlar, xəmir yeməkləri, qazlı içkilər, fast-food məhsulları və tez-tez qəlyanaltı etmək çəki artımına səbəb ola bilər.

Hormonal dəyişikliklər də bu prosesdə mühüm rol oynayır. Xüsusilə qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsi, insulin müqaviməti və bəzi hormonal pozuntular maddələr mübadiləsinə təsir edərək çəki artımına səbəb ola bilər.

Bundan əlavə, bəzi insanlar gün ərzində nə qədər yediklərini düzgün qiymətləndirmirlər. Çay yanında yeyilən şirniyyatlar, kiçik qəlyanaltılar və ya gecə saatlarında qəbul edilən qidalar ümumi kalori miqdarını artırır.

Əgər çəki artımı davamlıdırsa və qida qəbulu həqiqətən az olmasına baxmayaraq bu vəziyyət davam edirsə, o zaman qidalanma rejimi, fiziki aktivlik səviyyəsi, yuxu keyfiyyəti və hormonal vəziyyət birlikdə qiymətləndirilməlidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə