"Bir çox insan üçün yaz ayları ya yuxusuzluq, ya da əksinə, güclü yuxululuq dövrünə çevrilir. Yazın əvvəlində yaranan bu yuxu problemlərinin səbəbi orqanizmin mövsüm dəyişikliklərinə uyğunlaşması ilə bağlıdır. İnsan yuxusu sirkadiyal ritmlərə əsaslanır və bu ritmlər ilin fəsillərinə uyğun şəkildə dəyişir. Yazın gəlişi ilə gündüz saatları uzanır və orqanizmdə aktivlikdən məsul olan serotonin hormonunun səviyyəsi artır. Qışdan sonra orqanizm yeni şəraitə uyğunlaşmağa çalışdığı üçün yuxu pozuntuları yarana bilər". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əskərova bildirib. Psixoloqun sözlərinə görə, qış aylarında gün işığının az olması səbəbindən melatonin hormonu gündüz saatlarında da yüksək qalır. Bu isə insanlarda daim yuxululuq və apatiya hissi yaradır. Yaz gəldikdə isə gün işığının artması bioloji saatın dəyişməsinə səbəb olur.
"Yuxu rejimini bərpa etmək üçün hər gün eyni vaxtda yatmaq və oyanmaq vacibdir. Bundan əlavə, fiziki aktivliyi artırmaq və yatmazdan əvvəl telefondan istifadə etməmək tövsiyə olunur. Orqanizmin yaz mövsümünə tam uyğunlaşması üçün isə müəyyən vaxt tələb olunur ki, bunu da bədənimiz özü tədricən tənzimləyir", - deyə Yeganə Əskərova fikrini tamamlayıb.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB