Cəmiyyətdə uzun söhbət və dərin ünsiyyət azalır? - SOSİOLOQ DANIŞDI

"Son dövrlərdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı insanların həyat tərzində ciddi dəyişikliklər yaradıb. Rabitə və informasiya texnologiyalarına çıxışın genişlənməsi bir çox üstünlüklər gətirsə də, müəyyən problemlərin yaranmasına da səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, bu gün insanların böyük hissəsi ünsiyyətini virtual mühit üzərindən qurur: "Bayram təbrikləri, gündəlik söhbətlər, hətta ailə və dost münasibətləri belə çox vaxt sosial şəbəkələr və müxtəlif internet platformaları vasitəsilə həyata keçirilir. Maliyyə əməliyyatları, işgüzar yazışmalar və bir çox digər fəaliyyətlər də onlayn müstəviyə keçib. Nəticədə insanlar getdikcə daha çox virtual dünyada vaxt keçirməyə başlayırlar.

Bu vəziyyət real ünsiyyətin azalmasına gətirib çıxarır. Ailə üzvləri, qohumlar, qonşular və dostlar arasında canlı görüşlərin sayı azalır, münasibətlər isə daha çox virtual xarakter alır. Halbuki insan sosial varlıqdır və onun sağlam inkişafı üçün canlı ünsiyyət mühüm əhəmiyyət daşıyır.

Xüsusilə uşaqlar arasında bu problem daha qabarıq görünür. Əvvəllər uşaqlar həyətlərdə oynayır, müxtəlif fiziki fəaliyyətlərlə məşğul olurdularsa, bu gün onların böyük hissəsi vaxtını telefon, planşet və digər elektron cihazlarla keçirir. Bu isə həm fiziki sağlamlığa, həm də psixoloji inkişafa mənfi təsir göstərir.

Texnologiya insanların həyatını asanlaşdırmaq üçün yaradılıb. Lakin texnologiyadan düzgün və ölçülü istifadə edilmədikdə, bu üstünlük zamanla problemə çevrilə bilər. İnsanlar real həyatdan uzaqlaşaraq virtual mühitə daha çox bağlanırlar. Bu da sosial münasibətlərin zəifləməsinə səbəb olur.

Dünyanın bir çox ölkələrində sosioloqlar və psixoloqlar artıq bu məsələyə ciddi problem kimi yanaşırlar. Çünki texnologiyanın həddindən artıq istifadəsi insanları təcrid edə, sosial əlaqələri zəiflədə və həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.

Bu baxımdan valideynlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin üzərinə mühüm vəzifələr düşür. Uşaqların fiziki aktivliyə, idmana, yaradıcılığa, kitab oxumağa və canlı ünsiyyətə təşviq edilməsi vacibdir. Texnologiyadan istifadə edilməli, lakin bu istifadə müəyyən hədd və çərçivələr daxilində olmalıdır.

Ona görə də texnologiyanın imkanlarından faydalanmaqla yanaşı, real həyatın, canlı ünsiyyətin və sosial münasibətlərin dəyərini qorumaq hər birimizin əsas vəzifələrindən biri olmalıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə