“Ölkədən çıxışa məhdudiyyət (praktikada “stop” kimi adlandırılır) şəxsin sərbəst hərəkət hüququna müdaxilə edən hüquqi tədbirdir. Bu tədbir yalnız qanunla müəyyən edilmiş hallarda və səlahiyyətli orqanların qərarı əsasında tətbiq edilir”.
Bu sözləri SİA-ya açıqlamasında vəkil Səma Əhmədova deyib.
O bildirib ki, ən geniş yayılmış hallardan biri məhkəmə qərarlarının icrası ilə bağlı borclardır. Əgər şəxs barəsində məhkəmə qərarı mövcuddursa və həmin qərar icra olunmursa, icra məmuru icra icraatı çərçivəsində ölkədən çıxışa məhdudiyyət tətbiq edə bilər. Bu, əsasən aliment borcları, bank və kredit öhdəlikləri, eləcə də fiziki və hüquqi şəxslərə olan digər pul tələbləri ilə bağlı olur. Burada əsas şərt sadəcə borcun mövcudluğu deyil, həmin borcun icra icraatına daxil edilmiş və icra olunmayan məhkəmə aktı olmasıdır:
“Ölkədən çıxışa məhdudiyyətin digər mühüm əsası cinayət təqibi ilə bağlı hallardır. Şəxs cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda, ibtidai istintaq orqanı və ya məhkəmə tərəfindən onun ölkədən çıxmaması üçün qətimkan tədbiri seçilə bilər. Bu tədbir adətən istintaqdan yayınma riski, sübutların qorunması və ya məhkəmə prosesinin normal gedişinin təmin edilməsi məqsədilə tətbiq olunur.
Bundan əlavə, vergi və digər dövlət öhdəlikləri üzrə yaranmış borclar da ölkədən çıxışa məhdudiyyət üçün əsas yarada bilər. Vergi orqanları tərəfindən müəyyən edilən və icra olunmayan borclar məhkəmə qərarı əsasında icra icraatına yönəldilə bilər və nəticədə həmin şəxs barəsində sərhəd keçidinə məhdudiyyət tətbiq oluna bilər.
Ölkədən çıxışa qoyulan məhdudiyyət yalnız qanuni əsas aradan qalxdıqda ləğv edilir. Bu, borcun tam ödənilməsi, icra icraatının yekunlaşması, məhkəmə qərarının dəyişdirilməsi və ya cinayət işində qətimkan tədbirinin götürülməsi hallarında mümkündür. Nəticə etibarilə, “stop” tədbiri şəxsi hərəkət azadlığını məhdudlaşdıran inzibati cəza deyil, hüquqi öhdəliklərin icrasını təmin edən mexanizmdir və yalnız qanunla müəyyən edilmiş ciddi əsaslar mövcud olduqda tətbiq edilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB