“Mağazada məhsulun zədələnməsi avtomatik olaraq alıcının məsuliyyət daşıması demək deyil“ -HÜQUQŞÜNAS DANIŞDI
“Mağazada alıcının məhsulu bilmədən zədələməsi və ya yararsız hala salması ilə bağlı məsələ birmənalı şəkildə həll olunmur. Belə hallarda ilk növbədə hadisənin hansı şəraitdə baş verdiyi və zərərin yaranmasına kimin hərəkət və ya hərəkətsizliyinin səbəb olduğu araşdırılmalıdır”.
Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.
Onun sözlərinə görə, əgər satıcı və ya mağaza işçiləri məhsulları təhlükəsizlik qaydalarına uyğun olmayan şəkildə yerləşdiriblərsə, rəflər düzgün qurulmayıbsa və ya məhsulların düzülüşündə səhlənkarlığa yol verilibsə, nəticədə məhsulun zədələnməsində mağazanın da məsuliyyəti yarana bilər:
”Məsələn, alıcı rəfdən bir məhsulu götürərkən düzgün yerləşdirilməmiş digər məhsulların aşaraq sınması mağazanın məsuliyyəti ilə bağlı qiymətləndirilə bilər.
Bununla yanaşı, əgər məhsul alıcının ehtiyatsız davranışı nəticəsində zədələnibsə, məsələn, məhsulu yerə salıb sındırıbsa və ya ona qəsdən və ya kobud səhlənkarlıq nəticəsində zərər vurubsa, bu halda alıcının mülki məsuliyyəti yarana bilər. Belə vəziyyətlərdə alıcı vurduğu maddi zərəri ödəməli ola bilər.
Mübahisə yarandıqda tərəflər hadisənin başvermə şəraitini sübut etməyə çalışırlar. Təhlükəsizlik kameralarının görüntüləri, şahid ifadələri və digər sübutlar hadisənin səbəblərinin müəyyən edilməsində mühüm rol oynayır. Əgər müəyyən olunarsa ki, zərər mağazanın təşkilati və ya texniki nöqsanları səbəbindən baş verib, alıcı məsuliyyətdən azad edilə bilər. Əksinə, alıcının təqsiri sübuta yetirilərsə, zərərin ödənilməsi tələbi irəli sürülə bilər.
Bu münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları ilə tənzimlənir. Qanunvericiliyə əsasən, bir şəxs digər şəxsə təqsirli hərəkəti nəticəsində zərər vurduqda, həmin zərəri kompensasiya etməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu da istehlakçı və satıcı arasında hüquq və vəzifələri müəyyən edir və hər iki tərəfin məsuliyyət daşıya biləcəyini nəzərdə tutur.
Mağazada məhsulun zədələnməsi faktı avtomatik olaraq alıcının məsuliyyət daşıması demək deyil. Hər bir hadisə konkret şəraitə uyğun qiymətləndirilməli, zərərin yaranma səbəbləri araşdırılmalı və məsuliyyət yalnız təqsiri müəyyən edilən tərəfin üzərinə qoyulmalıdır. Bu səbəbdən belə hallarda hadisənin bütün təfərrüatlarının araşdırılması hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB