DYP: Sükan arxasında bir anlıq məsuliyyətsizlik bütöv bir ailənin faciəsinə çevrilir
Son vaxtlar baş verən ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin yol hərəkəti qaydalarına etinasız yanaşması bir sıra hallarda bütöv bir ailənin faciəsi ilə nəticələnir.
SİA xəbər verir ki, bu barədə Daxilin İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin yaydığı açıqlamada bildirilib.
Xüsusilə narahatlıq doğuran məqam ondan ibarətdir ki, bəzi sürücülər avtomobildə ailə üzvləri, azyaşlı övladları olsa belə, təhlükəli sürət seçir, yol hərəkəti qaydalarını kobud şəkildə pozur, hətta sərxoş vəziyyətdə sükan arxasına əyləşir. Belə hallarda ani diqqətsizliyin məntiqi sonluğu isə bütöv bir ailə faciəsi və ömürlük iztirabla bitir.
“Faktlara nəzər salaq. Siyəzəndə yüksək sürətlə idarə olunan avtomobilin idarəetmədən çıxaraq aşması səbəbindən həyatını itirən azyaşlı elə qadın sürücünün öz övladı olub. Bərdədə isə avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edən şəxsin törətdiyi qəzada onun həyat yoldaşı dünyasını dəyişib. Sadalanan faktlar bir daha göstərir ki, sürücülərin yol verdiyi xətaların qurbanları bəzən elə onların öz doğmaları olur.
Halbuki bu hadisələrin mütləq əksəriyyətinin qarşısını almaq mümkündür. Əlbəttə ki, sürücü sükan arxasında məsuliyyətli davranıb yol hərəkəti qaydalarına, sürücü intizamına riayət edərsə, özü də, doğmaları da, neçə-neçə günahsız hərəkət iştirakçısı da mənzil başına sağ-salamat çatar.
Unudulmamalıdır ki, avtomobil yüksək təhlükə mənbəyidir. Sükan arxasında edilən hər düşüncəsiz davranış təkcə sürücünün deyil, onun ailəsinin, yaxınlarının və digər hərəkət iştirakçılarının həyatını təhlükə altında qoyur. Bir anlıq məsuliyyətsizlik isə bəzən bir ailənin ömür boyu yaşadığı faciəyə çevrilir”, - deyə açıqlamada vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB