Gənclərin evlilikdən qaçmasının əsas səbəbi nədir? - Maddiyyat, yoxsa azadlıq istəyi? - PSİXOLOQ AÇIQLADI

“Gənclərin evlilikdən imtina etməsinin bir çox müxtəlif səbəbləri ola bilər. Biz fərd olaraq hər kəsə eyni səbəblə yanaşa bilmərik”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, bəzi insanlar maddi çətinlikləri ilk səbəb kimi qeyd edirlər:

“Kimsə evlə, işlə və xərclərlə bağlı narahatlıqlardan əziyyət çəkdiyinə görə evlilikdən çəkinir. Bəlkə də biz buna bəhanə deməməliyik. Çünki onların qeyd etdikləri məsələlər həqiqətən də əsas səbəblərdən biri olur.

Bəziləri isə təhsil və karyera sahəsində istədikləri nailiyyətləri əldə edə bilmədiklərinə görə karyeranı ön plana çəkirlər. Onlar düşünürlər ki, əvvəlcə peşə həyatlarını qurmalı, daha sonra evlilik məsuliyyətini üzərlərinə götürməlidirlər.

Digər bir qrup gənc isə müstəqil yaşamağa, öz qərarlarını sərbəst şəkildə verməyə üstünlük verir. Azadlıq istəyi onların ailə qurmaqdan imtina etməsinə səbəb olur.

Əsas sosial və məişət problemlərindən biri də ailədaxili psixoloji zorakılıq və boşanmaların təsiridir. Gənclər ətraflarında uğursuz evlilikləri gördükdə müəyyən qorxular formalaşır. Onlar düşünürlər ki, yaxşı işi, gəliri və imkanları olan insanların belə evlilikləri uğursuzluqla nəticələnirsə, özlərinin quracağı ailə də eyni aqibətlə üzləşə bilər.

Eyni zamanda, münasibətlərə dair gözləntilər də dəyişib. İnsanlar artıq yalnız evlənmək üçün deyil, emosional uyğunluq, qarşılıqlı anlaşma və bir-birini başa düşmək kimi amillərə daha çox önəm verirlər. Lakin bəzən münasibətlər yalnız formal evlilik kimi qəbul olunur və bu da sonradan müxtəlif problemlərə, hətta xəyanət və ayrılıqlara səbəb olur. Belə halları müşahidə edən gənclər ailə qurmağa tərəddüdlə yanaşırlar.

Bir çox gənc özünü evliliyə hazır hiss etdiyi zaman bu addımı atmağa üstünlük verir. Bu da müəyyən yaş dövrü ilə bağlıdır. Ümumiyyətlə, evlilik üçün həm oğlanların, həm də qızların kifayət qədər həyat təcrübəsi qazanması vacibdir ki, bir-birlərini daha yaxşı anlaya və başa düşə bilsinlər. Əks halda, anlaşılmazlıqlar boşanmalara səbəb olur və bu boşanmaların mənfi təsiri digər subay gənclərin düşüncələrinə də təsir göstərir.

Bu baxımdan görürük ki, evlilikdən yayınmaq bəzi gənclərin təfəkküründə artıq qorxulu bir anlayışın nəticəsinə çevrilib”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə