“Şəxsiyyətin formalaşmasında irsiyyət vacib olsa da, ailə mühiti daha böyük rol oynayır” - PSİXOLOQ DANIŞDI

“İnsan dünyaya müəyyən temperament xüsusiyyətləri ilə gəlsə də, onun xarakteri və şəxsiyyəti sonradan formalaşır. Bu formalaşma prosesində ailə mühüm rol oynayır. Uşaq ilk davranış qaydalarını, münasibət formalarını və sosial dəyərləri məhz ailə mühitində öyrənir. Buna görə də valideynlər övladlarının inkişafında əsas məsuliyyət daşıyan şəxslər hesab olunur”.

Bu sözləri SİA -ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, uşaqlar fərqli ailə mühitlərində böyüyürlər və hər bir ailə modeli onların psixoloji inkişafına özünəməxsus təsir göstərir:

”Ailədaxili münasibətlər, valideynlərin uşağa yanaşması və ailədəki emosional atmosfer uşağın gələcək şəxsiyyətinin formalaşmasında mühüm amillərdir. Uşaqlar arasında ayrı-seçkilik edilməsi və ya onlara fərqli münasibət göstərilməsi isə emosional problemlərin yaranmasına səbəb ola bilər.

Müasir dövrdə valideynlərin iş yükünün çox olması bəzən uşaqlarla kifayət qədər vaxt keçirmələrinə mane olur. Bu zaman uşaq davranış modellərini ailədən çox xarici mühitdən mənimsəməyə başlayır. Halbuki sağlam tərbiyənin təməli ailədə qoyulmalıdır və valideynlər övladlarının ehtiyaclarına diqqətlə yanaşmalıdırlar.

Şəxsiyyətin inkişafında irsi xüsusiyyətlərin müəyyən rolu olsa da, uşağın psixoloji sağlamlığı əsasən böyüdüyü mühitdən asılıdır. Davamlı münaqişələrin yaşandığı, gərgin və qeyri-sabit ailələrdə böyüyən uşaqlarda emosional və davranış problemləri daha çox müşahidə olunur. Sağlam və harmonik şəxsiyyət isə sevgi, qarşılıqlı hörmət və anlayış olan ailə mühitində formalaşır.

Valideynlərin əsas vəzifələrindən biri uşağın yalnız fiziki və akademik inkişafına deyil, həm də emosional və sosial inkişafına dəstək olmaqdır. Uşaqla düzgün ünsiyyət qurmaq, onun hiss və düşüncələrini anlamağa çalışmaq, yaşına uyğun davranış gözləntiləri müəyyənləşdirmək sağlam şəxsiyyət inkişafının vacib şərtlərindəndir.

Uşağın idrak fəaliyyəti yaş artdıqca inkişaf edir. Diqqət, qavrayış, təfəkkür, təxəyyül və nitq kimi psixoloji proseslər mərhələli şəkildə formalaşır. Bu xüsusiyyətləri nəzərə alan valideynlər uşaqlarını daha yaxşı anlayır və onların inkişafına daha səmərəli şəkildə dəstək ola bilirlər.

Uşağın gələcək həyata baxışı, sosial münasibətləri və şəxsiyyət keyfiyyətləri böyük ölçüdə ailədə aldığı tərbiyədən asılıdır. Sevgi, qayğı və elmi-pedaqoji prinsiplərə əsaslanan ailə mühiti uşağın cəmiyyətə faydalı, özünəinamlı və sağlam şəxsiyyət kimi yetişməsinə zəmin yaradır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə