"Azərbaycanda vətəndaşların elektron xidmətlərdən istifadəyə marağı artır.” - DEPUTAT
Elektron və rəqəmsal xidmətlərə vətəndaşların marağı yüksəkdir və onlar bu xidmətlərdən daha geniş şəkildə istifadə etməyə çalışırlar. Çünki rəqəmsallaşdırılmış xidmətlər bir tərəfdən vaxta qənaət etməyə, digər tərəfdən isə prosedurların sadələşdirilməsinə imkan yaradır. Eyni zamanda, bu xidmətlər vətəndaşların maliyyə xərclərinin azalmasına da töhfə verir. Bu baxımdan rəqəmsallaşdırılmış elektron xidmətlərə maraq kifayət qədər yüksəkdir və həmin xidmətlər əsasən elektron hökumət portalı vasitəsilə təqdim olunur.
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, eləcə də Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov səsləndirib.
Millət vəkili bildirib ki, elektron hökumət portalı üzərindən çoxsaylı xidmətlər təqdim olunur. Onun sözlərinə görə, ünvanlı sosial yardım, təhsil və məşğulluq sahələri üzrə xidmətlər elektron qaydada vətəndaşların istifadəsinə verilib və yüzlərlə xidmət məhz bu portal vasitəsilə göstərilir.
V.Bayramov qeyd edib ki, vergi əməliyyatları ilə bağlı da geniş elektron xidmət imkanları mövcuddur. Dövlət Vergi Xidmətinin sistemi üzərindən 50-dən çox elektron xidmət təqdim edilir. Bu xidmətlərə vergi bəyannamələrinin təqdim olunması, elektron müraciətlər və onlayn kargüzarlıq xidmətləri daxildir. Vətəndaşlar bu imkanlardan aktiv şəkildə yararlanırlar.
Deputatın sözlərinə görə, kommunal, nəqliyyat, sosial və təhsil sahələrində təqdim olunan elektron xidmətlərdən istifadə göstəriciləri də artmaqdadır. Aparılan müşahidələr vətəndaşların bu xidmətlərə üstünlük verdiyini göstərir.
Ümumilikdə, son illərdə Azərbaycanda elektron və rəqəmsal xidmətlərdən istifadə səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Bu artım xidmətlərin əlçatanlığının genişlənməsi, prosedurların sadələşdirilməsi və rəqəmsal infrastrukturun inkişafı ilə əlaqədardır.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB