Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 79-cu maddəsinin həmin Məcəllənin 41.2-ci maddəsi və Cəzaların İcrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Tutayukun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinin, həmçinin Cinayət Məcəlləsinin 5.1, 8.1, 41.2-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin tələbləri baxımından cəzanın çəkilməsinin təxirə salındığı dövrdə hamiləliyin pozulması halı məhkəmə tərəfindən cəzaçəkmənin təxirə salınmasının ləğvi üçün əsasdır. Bu hal məhkumun cəzanın çəkilməmiş hissəsindən azad edilməsini və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasını şərtləndirə bilməz.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.3-cü maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Cinayət Məcəlləsinin 79.3-cü və Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB