"Dövlətimizin uşaqlara göstərdiyi qayğı gələcəyə yatırılan ən mühüm sərmayədir" - DEPUTAT DANIŞDI
"1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü yalnız bayram günü deyil. Bu tarix bizə bir daha xatırladır ki, uşaqların hüquqlarının qorunması, sağlam böyüməsi və keyfiyyətli təhsil alması hər bir dövlətin gələcəyinə münasibətinin göstəricisidir".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.

Müşfiq Məmmədli sözlərinə belə davam edib: "Bu gün qürurla qeyd edə bilərik ki, Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətdə uşaqların müdafiəsi daim prioritet istiqamətlərdən biri olub. Təsadüfi deyil ki, 2009-cu ilin “Uşaq ili” elan edilməsi, sonrakı dövrdə qəbul olunan sosial proqramlar və qanunvericilik təşəbbüsləri bu sahəyə sistemli yanaşmanın əsasını qoyub.
Hazırda 18 yaşadək uşaqlar ölkə əhalisinin təxminən 29 faizini təşkil edir.Bu isə dövlətin qarşısında daha böyük məsuliyyət yaradır. Azərbaycanda uşaqlara dövlət qayğısı təkcə hüquqi təminatlarla məhdudlaşmır, konkret nəticələr və rəqəmlərlə özünü göstərir.
Bu gün ölkədə 600 minədək uşaq müxtəlif sosial ödənişlər və dəstək mexanizmləri ilə əhatə olunur. Şəhid ailələrinin uşaqları, müharibə iştirakçılarının övladları, sağlamlıq imkanları məhdud uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar və aztəminatlı ailələrin övladları dövlət qayğısı ilə əhatə edilir.
Eyni zamanda 83 min ailə üzrə ünvanlı dövlət sosial yardımı alan 350 mindən çox şəxsin təxminən 185 mini uşaqlardır. Bu, dövlət dəstəyinin ən həssas təbəqələrə yönəldiyini göstərir. Ancaq uşaqlara qayğı yalnız sosial ödəniş demək deyil. Ən vacib istiqamətlərdən biri uşaqların sağlamlığının qorunmasıdır.
Mən həkim və millət vəkili olaraq xüsusi vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun ölkədə profilaktik səhiyyə sisteminin güclənməsinə ciddi töhfə verib.
Bu gün uşaqların 90 faizdən çoxu icbari dispanserizasiya tədbirlərinə cəlb olunur. Aparılan müayinələr nəticəsində minlərlə uşaqda sağlamlıq problemləri erkən mərhələdə aşkarlanır və vaxtında müalicəyə başlanılır. Bu yanaşma xəstəliklə mübarizə deyil, xəstəliyin qarşısının alınması siyasətidir.
Uşağın gələcəyi sağlamlıqla yanaşı, təhsildən başlayır. Son illər məktəbəqədər təhsilin inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Hazırda ölkədə 115 mindən çox uşaq məktəbəqədər təhsil müəssisələrinə cəlb olunub, yüzlərlə yeni qrup yaradılıb, regionlarda məktəbəqədər təhsilin əlçatanlığı genişləndirilib.
Ən mühüm göstəricilərdən biri isə budur ki, 5 yaşlı uşaqların məktəbəhazırlığa cəlb olunması 85-90 faizə çatıb. Bu o deməkdir ki, bu gün Azərbaycan uşaqları məktəb həyatına daha hazırlıqlı başlayır, bu isə gələcəkdə təhsilin keyfiyyətinə və insan kapitalının formalaşmasına birbaşa təsir edir".
Deputat qeyd edib ki, bir ölkənin gücü yalnız iqtisadi göstəricilərlə ölçülmür: "Həmin dövlətin gücü uşaqların sağlamlığına, təhsilinə və sosial müdafiəsinə göstərilən qayğı ilə ölçülür. Azərbaycanda həyata keçirilən siyasət nəticəsində uşaqların hüquqlarının müdafiəsi güclənir, sosial dəstək genişlənir, səhiyyə və təhsil xidmətlərinin əlçatanlığı artır. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən insan amilinə əsaslanan sosial siyasətin real nəticəsidir.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqlarımızı təbrik edir, onlara sağlam, təhlükəsiz və xoşbəxt gələcək arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB