“WUF13-də iştirak etmək mənim üçün çox dəyərli təcrübədir” - Abdullah Əl-Hərbi

“WUF13-də iştirak etmək mənim üçün çox dəyərli təcrübədir. Bu forum şəhərsalma, dayanıqlı inkişaf və innovativ həll yolları ilə bağlı ən aktual mövzuların müzakirə olunduğu mühüm beynəlxalq platformadır”.

Bu sözləri SİA-ya açıqlamasında xarici sərgi iştirakçısı Abdullah Əl-Hərbi deyib.

O bildirib ki, forum çərçivəsində müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərlə fikir mübadiləsi aparmaq, onların təcrübəsini öyrənmək və öz baxışlarını bölüşmək olduqca faydalıdır.

Abdullah Əl-Hərbi tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Qeydiyyat prosesi, sessiyaların təşkili, nəqliyyat və iştirakçılar üçün yaradılan şərait çox peşəkar şəkildə qurulub. Xüsusilə forum məkanına pulsuz avtobusların təşkil edilməsi qonaqlar üçün böyük rahatlıq yaradır”.

Xarici qonaq Bakı haqqında təəssüratlarını da bölüşüb: “Bakıya ilk dəfə gəlirəm və şəhər məndə çox xoş təəssürat yaradıb. Bakı müasir memarlığı, tarixi abidələri və Xəzər dənizinin sahilində yerləşən gözəl mənzərələri ilə seçilir. İnsanlar son dərəcə qonaqpərvər və mehribandırlar”.

O qeyd edib ki, Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq onun üçün maraqlı təcrübə olub.

Abdullah Əl-Hərbi ümid etdiyini bildirib ki, forumun növbəti günlərində daha çox maraqlı sessiyalarda iştirak edəcək, yeni əlaqələr quracaq və gələcək əməkdaşlıqlar üçün faydalı imkanlar əldə edəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə