DOST Agentliyinin "Könüllü DOST" proqramının təşkilatçılığı ilə İKT-də Qızlar Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə SİA-ya DOST Agentliyindən məlumat verilib.
Bildirilib ki, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində təşkil olunan tədbirin əsas məqsədi informasiya-kommunikasiya texnologiyaları sahəsində qızların iştirakını təşviq etmək, onların rəqəmsal bacarıqlarının inkişafına dəstək olmaq və bu sahədə mövcud karyera imkanlarını tanıtmaq olub.
Proqram çərçivəsində “Könüllü DOST” proqramının iştirakçıları əvvəlcə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyəti və inzibati binası ilə tanış olublar. Daha sonra iştirakçılar informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərin çıxışlarını dinləyiblər. Spikerlər İKT sahəsində mövcud imkanlar, peşəkar inkişaf istiqamətləri və bu sahədə uğurlu karyera qurmaq üçün vacib bacarıqlar barədə öz təcrübələrini bölüşüblər.
Tədbir interaktiv formatda davam edib. İştirakçılar üçün sual-cavab sessiyası, netvörking fasiləsi və rəqəmsal mövzular üzrə mini “challenge” təşkil olunub. Praktiki tapşırıqlar gənclərin analitik düşünmə, komanda işi və problem həlletmə bacarıqlarının inkişafına töhfə verib.
Tədbirin motivasiya hissəsində "Digi DOST" altproqramında iştirak etmiş və hazırda DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində fəaliyyət göstərən xanım əməkdaşlara hədiyyələr təqdim olunub.
Sonda tədbirdə iştirak edən hər bir könüllüyə xatirə hədiyyələri verilib.
Qeyd edək ki, bu kimi tədbirlər gənclərin, xüsusilə qızların rəqəmsal texnologiyalara marağının artırılması, onların İKT sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin gələcək karyera seçimlərində texnologiyayönümlü sahələrə təşviq olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB