AQSİA-dan regionlarda qadın sahibkarların inkişafının təşviqinə növbəti dəstək

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) qadın sahibkardan ibarət nümayəndə heyəti Şahdağ Quba & Truskavets müalicə-sanatoriya kompleksini ziyarət edib. SİA xəbər verir ki, səfərin əsas məqsədi qadın sahibkarlığı çərçivəsində fəaliyyət göstərən biznes subyektləri arasında təcrübə mübadiləsinin gücləndirilməsi, sağlamlıq turizmi sahəsində qadın sahibkarların rolunun təşviqi və regional turizm potensialının tanıdılması olub. Yüksək səviyyədə təşkil olunmuş proqram iştirakçılara həm sağlamlıq turizmi imkanları ilə yaxından tanış olmaq, həm də qadın sahibkarların uğurlu idarəçilik nümunəsini yerində müşahidə etmək imkanı yaradıb.

Səfər çərçivəsində Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə də qadın sahibkarlarla görüşdə iştirak edib. Görüş zamanı qadın sahibkarlarla səmimi fikir mübadiləsi aparılıb, regionlarda sahibkarlığın inkişafı, xüsusilə Quba rayonunda turizm və sağlamlıq sektorunda həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Əlibala Məhərrəmzadə qadın sahibkarlığının ölkə iqtisadiyyatında artan rolunu yüksək qiymətləndirərək, bu sahədə həyata keçirilən təşəbbüslərin regional inkişaf, məşğulluğun artırılması və qeyri-neft sektorunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

AQSİA nümayəndə heyəti səfərin təşkilinə görə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, kompleksin rəhbəri Nərmin Məhərrəmzadəyə və kollektivinə təşəkkürünü bildirib, gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.

İştirakçılar üçün yaradılan komfortlu atmosfer, yüksək xidmət mədəniyyəti və hər detalda hiss olunan peşəkar yanaşma tədbirin yüksək səviyyədə təşkil olunduğunu bir daha nümayiş etdirib. Xüsusilə, sahibkar Nərmin Məhərrəmzadənin təşkilatçılıq bacarığı və qonaqlara göstərilən diqqət qadın sahibkarların turizm və sağlamlıq sektorunda artan rolunun bariz nümunəsi kimi qiymətləndirilib.

Qeyd edək ki, Şahdağ Quba & Truskavets müalicə-sanatoriya kompleksi yerli və xarici turistlər üçün ilboyu fəaliyyət göstərərək Azərbaycanın sağlamlıq turizmi potensialının inkişafına mühüm töhfə verir. Bu cür təşəbbüslər regionlarda qadın sahibkarlığının inkişafını stimullaşdırmaqla yanaşı, ölkənin turizm sektorunun davamlı inkişafına da xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə