Müşfiqabad qəsəbəsində “Tarix danışır: Xocalı” adlı anım tədbiri keçirilib

2026-cı il fevralın 25-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 274 nömrəli tam orta məktəbdə “Tarix danışır: Xocalı” adlı geniş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mövzu ilə əlaqədar nümayiş etdirilən videoçarxda 1992-ci il fevralın 26-da baş vermiş faciə barədə tarixi faktlar, o ağır günlərin acı reallıqları, günahsız insanların üzləşdiyi müsibətlər sənədli kadrlar və arxiv görüntüləri vasitəsilə təqdim olunub.

Torpaqlarımızın uzun illər işğal altında qalması, xalqımızın ədalət uğrunda apardığı mübarizə və nəhayət, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xüsusi vurğulanıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə, işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması qürur hissi ilə nümayiş etdirilib. Videoçarx Xocalı sakinlərinin doğma torpaqlarına qayıdışı, yenidən qurulan evlər, bərpa olunan həyat və ümid dolu görüntülərlə yekunlaşıb.

Tədbirdə məktəbin direktoru Nəriman Mürsəliyev 34 il əvvəl erməni separatçıları tərəfindən törədilmiş Xocalı soyqırımı barədə məlumat verərək, bu faciənin qisasının artıq alındığını qeyd edib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Xocalı həqiqətlərinin unudulmamasının və gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb. Faiq Qurbanov xatırladıb ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib. Belə ki, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edilib. Ümummilli Liderin 1997-ci il fevralın 25-də imzaladığı fərmanla hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi təsbit olunub.

YAP Qaradağ rayon təşkilatı sədrinin müavini vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə ilə torpaqlarımız işğaldan azad edilib. Bu Qələbə həm də Xocalı şəhidlərinin qisasının alınması və ədalətin bərpası demək idi.

Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, həyat yenidən həmin torpaqlara qayıdır. Bu isə şəhidlərimizin ruhuna göstərilənən böyük ehtiramdır.
Faiq Qurbanov həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının faciənin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.

Daha sonra məktəbin tarix müəllimi Aqiyə Zaidova çıxış edərək faciənin tarixi mahiyyətini faktlar əsasında izah edib və Xocalı həqiqətlərinin daha geniş yayılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə şagirdlərin ifasında səsləndirilən vətənpərvərlik mahnıları, Xocalıya həsr olunmuş şeirlər kövrək, lakin ümid dolu misralarla faciənin ağrısını, şəhidlərin əziz xatirəsini və xalqımızın sınmaz iradəsini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə