24 fevral tarixində Azərbaycan İnnovasiya Mərkəzində FemTech platformasının təşkilatçılığı ilə “Qadın sağlamlığında innovasiyalar, iqtisadi dəyər və investisiya imkanları” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirdə qadın sağlamlığı mövzusunun yalnız tibbi məsələ kimi deyil, eyni zamanda innovasiya, iqtisadi dəyər və investisiya potensialına malik strateji istiqamət olduğu vurğulanıb.
Paneldə moderator qismində Mərkəzi Gömrük Hospitalının rəis müavini, terapevt-kardioloq t.ü.f.d. Dr. Nabil Seyidov çıxış edib. Spikerlər sırasında “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, AR Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq t.ü.f.d. Dr. Nigar Axundova, SABAH.angels-in icraçı direktoru Alya Abbaszadə və “Caucasus Ventures” üzrə investisiya mütəxəssisi Samir Hacıbəyli yer alıblar.
Müzakirələr zamanı qadın sağlamlığında prioritet ehtiyaclar, FemTech həllərinin tətbiqi, eləcə də investorlar və innovatorlar üçün strateji imkanlar ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, qadın sağlamlığı sahəsi uzun müddət kifayət qədər diqqət və investisiya görməsə də, bu gün texnologiya, tibb və sahibkarlığın kəsişməsində sürətlə formalaşan perspektivli istiqamətlərdən biridir.
Beynəlxalq qiymətləndirmələr göstərir ki, FemTech sahəsi sürətlə böyüyən qlobal bazara çevrilib: qlobal FemTech bazarının 2024-cü ildə 39,29 milyard ABŞ dolları həcmində olduğu və 2030-cu ilə qədər 97,25 milyard ABŞ dollarına çata biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, beynəlxalq hesabatlarda qadın sağlamlığındakı boşluqların azaldılmasının 2040-cı ilə qədər qlobal iqtisadiyyata illik 1 trilyon ABŞ dollarınadək əlavə dəyər qazandıra biləcəyi qeyd olunur. Bununla yanaşı, qadın sağlamlığı sahəsi hələ də kifayət qədər tədqiq edilmir və yetərli investisiya cəlb etmir: qadınlar daha uzun yaşasalar da, daha çox illərini zəif sağlamlıq vəziyyətində keçirirlər və qadınlara xas bir çox sağlamlıq mövzusu üzrə tədqiqat maliyyələşməsi hələ də məhduddur.
Tədbir iştirakçılar üçün yalnız dinləmə platforması deyil, həm də peşəkar əlaqələrin qurulması, potensial tərəfdaşlıqların müzakirəsi və sahənin real ehtiyaclarının birbaşa mütəxəssislərdən eşidilməsi baxımından praktiki platforma rolunu oynayıb. Panel xüsusilə qadın sağlamlığı üzrə startap ideyası olanlar, tibb tələbələri, gənc həkimlər, investorlar və innovasiya yönümlü biznes nümayəndələri üçün faydalı olub.
FemTech təşkilatı 5 ildən artıqdır ki, bu sahə üzrə fəaliyyət göstərir, qadın startapçılara və təsisçilərə dəstək verir. Təşkilatın əsas missiyası yalnız sahibkarlıq təşəbbüslərini dəstəkləmək deyil, eyni zamanda FemTech mövzusunun — qadın sağlamlığının, bu sahədə elmi tədqiqatların vacibliyinin və innovativ yanaşmaların daha geniş şəkildə gündəmə gətirilməsi və təşviqidir.
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB